AnalitikaGündəmSiyasət

Azərbaycan dili milli-mədəni birliyimizin əsas sütunlarından biridir

“Azərbaycan xalqı üçün ana dili milli-mənəvi kimliyimizin, tarixi yaddaşımızın, ədəbi və mədəni irsimizin daşıyıcısıdır. Hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması bu müqəddəs dilin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi üçün həyata keçirilən siyasətin təntənəsidir. Bu günün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə mümkün olmuş, Azərbaycan dilinə verilən yüksək dəyərin rəmzinə çevrilmişdir”.

Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, sovet dövründə milli dillərin sıxışdırıldığı, ana dilində danışmağın belə cəsarət tələb etdiyi dövrlərdə belə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə olan sonsuz sevgisini və prinsipial mövqeyini qorudu. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz onun siyasi iradəsi və əzmi nəticəsində mümkün oldu. Bu, sadəcə hüquqi dəyişiklik deyil, milli özünüdərkin, dilə sahib çıxmağın parlaq nümunəsi idi. Ulu Öndər dilin millət üçün əhəmiyyətini dərindən anlayaraq bütün fəaliyyəti boyunca Azərbaycan dilinin qorunmasına və inkişafına xidmət etdi. 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu siyasətin davamı oldu. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə Azərbaycan dili ilə bağlı hüquqi bazanı daha da möhkəmləndirdi. Bununla yanaşı, Dövlət Dil Komissiyası yaradıldı və dil siyasəti sistemli müstəviyə keçirildi.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyev də Ulu Öndərin dil siyasətini uğurla davam etdirmişdir. Prezident İlham Əliyevin fəaliyyəti dövründə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”, və “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər haqqında” fərman ana dilinin yalnız hüquqi cəhətdən deyil, həm də praktik sahədə – təhsil, media, ədəbiyyat və texnologiya müstəvisində qorunmasını təmin etmişdir. Azərbaycan dili bu gün təkcə ölkəmizdə deyil, dünya azərbaycanlıları üçün də milli-mədəni birliyin əsas sütunlarından biridir. 50 milyondan çox insan üçün ana dili olan Azərbaycan dili qloballaşmanın təzyiqləri qarşısında yüksək dayanıqlılıq nümayiş etdirir. Bu isə aparılan sistemli siyasətin, eləcə də xalqımızın dilinə olan məhəbbətinin nəticəsidir.

Oxşar Xəbərlər

Back to top button