AnalitikaGündəmSiyasət

Azərbaycan dövlətçiliyinin humanist mahiyyətinin təcəssümü

Azərbaycan Respublikası müstəqillik yolunda çətin, lakin şərəfli inkişaf mərhələlərindən keçmiş, bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Bu uğurların təməlində güclü siyasi iradə, uzaqgörən dövlətçilik strategiyası, xalq ve hakimiyyət birliyi dayanır. Müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas olmuş, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuşdur. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən etmiş, insan hüquq və azadlıqlarının qorunmasını ali məqsəd kimi təsbit etmişdir. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda milli dövlətçilik fəlsəfəsinin ifadəsidir. Məhz bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla və qətiyyətlə davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə dayanıqlı iqtisadi inkişaf, sosial rifahın yüksəlməsi, beynəlxalq nüfuzun möhkəmlənməsi istiqamətində böyük nailiyyətlər əldə etmişdir. Dövlət başçısının siyasətində milli maraqların qorunması ilə yanaşı, insan amili əsas prioritet kimi müəyyən edilmişdir. Təhsil, səhiyyə, sosial müdafiə, gənclər və ailə siyasəti sahələrində həyata keçirilən islahatlar bunu bir daha sübut edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması isə Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, güclü siyasi iradəsinin və xalqın birliyinin tarixi nəticəsidir. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, eləcə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı ölkəmizin Konstitusiya quruluşunun bütün ərazilərdə təmin edilməsinə imkan yaratmışdır. Bu tarixi nailiyyətlər fonunda elan edilən “Konstitusiya və Suverenlik İli” xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır.

Humanizm Prezident İlham Əliyevin dövlət idarəçiliyində əsas ideoloji dayaqlardan biridir. Dövlət başçısının siyasətində insan hüquqlarının qorunması, vətəndaşların rifahının yüksəldilməsi, sosial ədalətin təmin olunması xüsusi yer tutur. Prezident İlham Əliyevin hər bir qərarında və təşəbbüsündə mərhəmət, sosial məsuliyyət və insana qayğı açıq şəkildə hiss olunur. Bu humanist yanaşma cinayət-hüquq siyasətində də öz əksini tapmışdır. Cəzanın yalnız cəzalandırma vasitəsi deyil, eyni zamanda islah və tərbiyə mexanizmi olması prinsipi əsas götürülür. Dövlət cəmiyyətə yenidən qazandırıla biləcək insanlara ikinci şans verməyi vacib hesab edir. Amnistiya və əfv institutları da məhz bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü “Konstitusiya və Suverenlik İli”nin məntiqi davamı kimi xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı bu təşəbbüsü irəli sürərkən Azərbaycan xalqının humanizm və mərhəmət ənənələrinə sadiqliyini bir daha nümayiş etdirmişdir. Suverenliyini tam bərpa etmiş, güclü dövlətə çevrilmiş Azərbaycan bu addımı ilə həm öz vətəndaşlarına, həm də beynəlxalq ictimaiyyətə yüksək mənəvi dəyərlərə malik olduğunu göstərir.

Prezident İlham Əliyev amnistiyanın tərbiyəvi və sosial əhəmiyyətinə inanaraq cəzadan azad olunacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına, cəmiyyətin inkişafında fəal iştirak edəcəklərinə ümid etdiyini bəyan etmişdir. Bu, dövlətin vətəndaşa olan etimadının bariz nümunəsidir. Amnistiya aktının layihəsinə əsasən sənəd geniş və əhatəli xarakter daşıyır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, xüsusilə Vətən müharibəsində və 2023-cü il antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları amnistiyadan yararlanacaqlar. Bu, qəhrəmanlıq göstərmiş insanlara və onların ailələrinə dövlətin xüsusi diqqət və qayğısının göstəricisidir.

Eyni zamanda, Ermənistanın hərbi təxribatları nəticəsində mülki əhali arasında əlil olmuş şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər həssas sosial qruplar da amnistiya aktının əhatə dairəsinə daxildir. Böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması nəzərdə tutulur. Bu addım sosial ədalətin bərpasına, ailələrin yenidən birləşməsinə, cəmiyyətin mənəvi sağlamlığının möhkəmlənməsinə xidmət edir.

Azərbaycanda amnistiya və əfv təşəbbüsləri uzun və zəngin tarixə malikdir. 1995-ci ildən bu günədək qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış 32 əfv fərmanı və qəbul edilmiş 7 amnistiya aktı bu humanist ənənənin əsasını qoymuşdur. Prezident İlham Əliyev tərəfindən isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı qəbul edilmişdir. Ümumilikdə 71 əfv fərmanı ilə on minlərlə məhkum azadlığa buraxılmışdır. Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları da bu sahədə mühüm rol oynamışdır.

Ölkə başçısının təşəbbüsü ilə irəli sürülən növbəti amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya olacaq. Proqnozlara əsasən, amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Minlərlə məhkum azadlığa qovuşacaq, on minlərlə insan cəza yükündən azad olunaraq cəmiyyətə reinteqrasiya imkanı əldə edəcək. Bu fakt Azərbaycan dövlətinin gücünü və humanist mahiyyətini açıq şəkildə nümayiş etdirir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi, siyasi və mənəvi gücünün parlaq göstəricisidir. Bu təşəbbüs sübut edir ki, güclü dövlət yalnız iqtisadi və hərbi potensialla deyil, həm də humanizm, mərhəmət və sosial ədalət prinsipləri ilə ölçülür. Azərbaycan dövləti öz vətəndaşına güvənir, ona ikinci şans verir və gələcəyə inamla baxır.

Əliyeva Xədicə,
Xəzər rayonu, 206 №- tam orta məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button