AnalitikaGündəmSiyasət

Azərbaycan dövləti idarəetmədə həm şəffaflıq, həm də məsuliyyət prinsipinə əsaslanan modern idarəçilik modelini formalaşdırır

2025-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olarkən, Prezidentin Naxçıvandakı yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətlərinə yeni təyin olunmuş başçıları qəbul etmişdir. Bu görüş sadəcə rəsmi təyinat tədbiri deyil, ölkənin idarəetmə sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezidentin çıxışı həm dövlət idarəçiliyi, həm də yerli icra hakimiyyətlərinin fəaliyyət prinsipləri baxımından dərin məzmun kəsb edir. İlham Əliyevin çıxışı bir neçə əsas istiqamət üzrə – xalqa xidmət ideologiyası, məmur məsuliyyəti, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, peşəkar kadr siyasəti və milli maraqlara sədaqət kimi fundamental mövzular üzərində qurulmuşdur. Bu məqalədə həmin çıxışın məzmunu və onun ictimai-siyasi əhəmiyyəti geniş təhlil edilir. Prezident İlham Əliyev bu görüş çərçivəsində Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsinə, eləcə də bir sıra rayonların – Nəsimi, Balakən, Göyçay, Qax, Göygöl və Kürdəmir rayonlarının icra hakimiyyətlərinə yeni başçılar təyin etmişdir. Bu təyinatlar dövlət idarəçiliyində yenilənmə və dinamizmin davamlı proses olduğunu nümayiş etdirir. Naxçıvanın seçilməsi isə rəmzi məna daşıyır. Azərbaycanın dövlətçilik tarixində mühüm yeri olan bu diyar son illər ərzində strateji, iqtisadi və siyasi baxımdan ölkənin inkişaf xəritəsində xüsusi yer tutur. Prezidentin burada belə mühüm görüş keçirməsi Naxçıvanın ölkə həyatında artan rolunun göstəricisidir. İlham Əliyev çıxışında qeyd etmişdir ki, hər bir dövlət məmurunun, xüsusilə də icra başçılarının fəaliyyətinin başlıca məqsədi xalqa xidmət olmalıdır. Prezidentin sözlərinə görə, “siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz, sizə böyük etimad göstərilir və bu etimadı əməli fəaliyyətinizlə doğrultmalısınız”. Bu fikir bir daha göstərir ki, dövlət idarəçiliyinin əsas fəlsəfəsi və mərkəzi ideyası xalqa xidmət anlayışıdır. Prezidentin “xalqla bir yerdə olmaq”, “təvazökar olmaq” kimi ifadələri isə rəhbər kadrların sadəcə inzibati səlahiyyət daşıyıcısı deyil, eyni zamanda xalqın etimadını qazanmalı olan xidmətçilər kimi fəaliyyət göstərmələrinin vacibliyini önə çəkir. Prezident İlham Əliyev məmur davranışında məsuliyyət və təvazökarlığın əhəmiyyətini xüsusi vurğulamışdır. Onun çıxışında qeyd edilir ki, bəzi hallarda vəzifə sahibləri özlərini xalqdan üstün tutmağa, vəzifə statusunu şəxsi imtiyaz kimi qəbul etməyə meyillənirlər. Prezident bu hallara qarşı sərt xəbərdarlıq edərək bildirib ki, “belə davranış dövlətin əsas prinsiplərinə ziddir və belə məmurların fəaliyyəti uzun çəkmir”. Bu çağırış həm etik, həm də inzibati baxımdan yeni nəsil məmurlar üçün davranış kodeksi rolunu oynayır. Rəhbər vəzifədə çalışan şəxslərdən təkcə idarəetmə bacarığı deyil, həm də mənəvi bütövlük, ədalət, dürüstlük və təvazökarlıq tələb olunur. Prezidentin çıxışında ən sərt və prinsipial mesajlardan biri korrupsiya və rüşvətxorluğa qarşı yönəlmişdi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, “əgər hər hansı dövlət məmuru əyri yola gedərsə, o, mütləq qanun qarşısında cavab verəcək”. Bu, Azərbaycanın dövlət idarəetməsində şəffaflıq prinsipinin təkcə nəzəri deyil, praktik şəkildə tətbiq olunduğunu göstərir. Son illərdə Azərbaycanda korrupsiya faktlarına görə müxtəlif səviyyələrdə vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi bu siyasətin reallıqda necə işlədiyini sübut edir. Prezident İlham Əliyev çıxışında kadr siyasətinin əsas prinsiplərinə də toxunaraq, yeni rəhbərlərin “etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz” kadrları seçməsi zərurətini qeyd etmişdir. Onun fikrincə, “rəhbərlik etdiyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməlisiniz, əks halda lazımi ölçülər götürüləcək”. Bu, kadr idarəçiliyinin dinamik sistem üzərində qurulduğunu göstərir. Dövlətin başlıca məqsədi — ölkənin hər bir bölgəsində məsuliyyətli, vətənpərvər və xalqla əlaqədə olan idarəçilər yetişdirməkdir. Yeni təyinatlar həm də gənc, enerjili və innovativ düşüncəyə malik kadrlara üstünlük verildiyini göstərir. Naxçıvanda keçirilən bu qəbulun başqa bir mühüm tərəfi onun regional inkişafla birbaşa bağlı olmasıdır. Prezidentin fikirlərindən aydın olur ki, bölgələrdə iqtisadi artım, infrastrukturun yenilənməsi, sosial rifahın yaxşılaşdırılması və əhalinin problemlərinin çevik həlli bundan sonra da prioritet olaraq qalacaq. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə və ucqar regionlarda dövlət siyasətinin effektiv icrası üçün icra başçılarının peşəkar və şəffaf fəaliyyəti həlledici amil kimi dəyərləndirilir. İlham Əliyevin çıxışının ümumi ruhu göstərir ki, Azərbaycan dövləti idarəetmədə həm şəffaflıq, həm də məsuliyyət prinsipinə əsaslanan modern idarəçilik modelini formalaşdırır. İlham Əliyevin “hər bir dövlət məmuru fəaliyyətinə vicdanla yanaşmalıdır” fikri bu modelin əsas fəlsəfəsidir.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button