Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır

Türkiyə dünyanın ən çox zəlzələyə meyilli ərazilərindən biridir.Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir.Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. 2023cü il 6 fevral tarixində Türkiyədə 7,7 bal gücündə baş verən zəlzələ zamanı 10 şəhərdə minlərlə binanın dağılması nəticəsində 29 mindən çox insan həlak olub. Dağıntılar arasından cansız bədənlərin və yaxud da sağ qalanların çıxarılması davam etdirilir.
Bu təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələr Türkiyəyə həm humanitar həm də dağıntılar altında qalan insanların çıxarılması üçün hər cür dəstək göstərilir. Qardaş ölkədə yaranan fövqəladə vəziyyətin böyüklüyünü və kəskin hava şəraitini nəzərə alaraq, dövlətimizin bütün əhalisi uşaqdan-qocasına qədər hər kəs öz əlindən gələn qədər həm maddi, həm mənəvi yardım etməyi özünə borc bilib əzəldən bir millətik, iki dövlət şüarının tam haqqını verərək Türkiyə Respublikasının yanında olmuşdur və olmağa davam edir. Dövlətimizdə böyükdən-kiçiyə hər kəs qardaş ölkədə olan bu faciəvi hadisədən çox böyük məyusluq hissi keçirir,türk soydaşlarımız üçün dua edir, onlara hər cür dəstək olmağa çalışır. Kimin əlində nə varsa, kimisi döşək, kimisi gödəkçə, kimisi ərzaq və qida gətirir. Bu bizim xalqımızın Qardaş Türkiyə xalqının həm kədərində, həm sevincində yanında olduğunun bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Naxçıvandan 12 tır yardım göndərildi. Bu faciəvi zəlzələ nəticəsində zərər görənlərə yardım məqsədilə Azərbaycandakı bütün qeyri hökümət təşkilatları Qardaş Köməyi adlı platforma təşkil etdilər. Bu Platforma vasitəsilə yardım etmək istəyən bütün vətəndaşlar Türkiyəyə müxtəlif ləvazimatlar göndərməkdədirlər. Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilmiş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixindən etibarən Kahramanmaraşda fəaliyyət göstərməkdədirlər. Ümumi cərrah, terapevt, qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, göz xəstəlikləri mütəxəssisi, neyrocərrahlar, anestezioloqlar, plastik cərrahlardan ibarət 20 nəfərlik hərbi tibb personalı hal hazırda zəlzələ bölgəsindədir.Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq. Hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır. Hətta digər bölgələrinə nisbətən qışda mülayim hava ilə müşahidə olunan Gaziantepdə belə qarlı hava şəraiti müşahidə olunur, bu da zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib.
Türkiyə dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi çevik, ardıcıl addımlar bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün ən əsas mövzudur. Əminik ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. İnanılmaz dərəcədə böyük faciədir. Hər qurtarılan can sanki bizə dünyanı yenidən bəxş edir. Bir daha əminliyimizi ifadə edərək söyləmək istəyirik ki, Türkiyə dövlət və xalq olaraq bu çətinliyin öhdəsindən gələcək və hər zamankı həyatına qaldığı yerdən davam edəcəkdir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı