AnalitikaGündəmSiyasət

Azərbaycan enerji diplomatiyasının yeni mərhələsi

İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər İclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər İclası Azərbaycanın qlobal enerji siyasətində artan rolunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin iclaslarda etdiyi çıxış ölkənin enerji strategiyasının əsas istiqamətlərini, Avropa və region üçün artan əhəmiyyətini, həmçinin gələcək enerji təhlükəsizliyi baxımından Azərbaycanın oynadığı mühüm rolu əhatə etdi.
Son illər Azərbaycanın enerji siyasəti yalnız milli maraqlara xidmət etməklə məhdudlaşmayıb, eyni zamanda Avrasiyanın enerji təhlükəsizliyində vacib amilə çevrilib. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandığı kimi, Azərbaycan artıq 12 ölkəyə qaz tədarük edən etibarlı tərəfdaşdır. Daha geniş mənada isə Azərbaycan qazının istehlakçı ölkələrinin sayı 16-ya çatıb. Bu göstərici Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyinin nə qədər gücləndiyini göstərir. Məhz bu fakt Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdə qərarlaşmasına səbəb olub.
Bu nailiyyət təsadüfi deyil. Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələri, xüsusilə də Cənub Qaz Dəhlizi layihəsi ölkənin enerji siyasətində dönüş nöqtəsi oldu. Bu nəhəng enerji infrastrukturu Xəzər hövzəsinin zəngin qaz ehtiyatlarını Avropa bazarına birbaşa çıxarmağa imkan yaratdı. Layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Çünki bu dəhliz Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, sonuncu dəfə bu platformada çıxış edərkən qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlardan bəhs etmişdi. Bu gün isə həmin planların artıq reallaşdığını görmək mümkündür. Bu, Azərbaycanın planlı və ardıcıl enerji siyasətinin uğurlu nəticəsidir. Qaz ixracının genişlənməsi həm Azərbaycanın iqtisadi gücünü artırır, həm də ölkəni beynəlxalq enerji əməkdaşlığının əsas mərkəzlərindən birinə çevirir.
Çıxış zamanı xüsusi vurğulanan məqamlardan biri Azərbaycan qazının artıq Avropa hüdudlarından kənara çıxması oldu. Bu, Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İlk dəfə olaraq Suriyaya qaz tədarükünün başlanması bunun bariz nümunəsidir. Bu addım təkcə iqtisadi deyil, həm də humanitar məna daşıyır. Suriyada mövcud olan ciddi elektrik enerjisi çatışmazlığı nəzərə alınaraq, Azərbaycanın qaz tədarükü bu ölkənin enerji problemlərinin qismən həllinə yardım göstərmək məqsədi daşıyır.
Bu fakt bir daha göstərir ki, Azərbaycan enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də regional sabitlik və əməkdaşlıq aləti kimi istifadə edir. Enerji diplomatiyası Azərbaycanın xarici siyasətində mühüm yer tutur və ölkə bu sahədə etibarlı tərəfdaş kimi qəbul olunur.
Digər mühüm istiqamət isə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan yalnız ənənəvi enerji resursları ilə deyil, həm də bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Xəzər dənizində və ölkənin müxtəlif bölgələrində külək və günəş enerjisi sahəsində geniş imkanlar mövcuddur. Bu imkanlardan istifadə etməklə Azərbaycan gələcəkdə həm yaşıl enerji istehsalçısı, həm də ixracatçısı kimi çıxış etməyi planlaşdırır.
Bu istiqamətdə artıq bir sıra beynəlxalq layihələr həyata keçirilir. Xarici investorların iştirakı ilə günəş və külək elektrik stansiyalarının tikintisi ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payını artıracaq. Eyni zamanda, bu layihələr Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə fəal iştirakını nümayiş etdirir.
Beləliklə, Bakıda keçirilən bu mühüm enerji forumu Azərbaycanın enerji strategiyasının uğurla davam etdiyini göstərdi. Prezident İlham Əliyevin çıxışı ölkənin gələcək enerji siyasətinin əsas konturlarını müəyyənləşdirdi: enerji ixracının genişləndirilməsi, yeni bazarlara çıxış, yaşıl enerji layihələrinin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi.
Bütün bunlar göstərir ki, Azərbaycan yalnız regional deyil, qlobal enerji siyasətində də mühüm aktora çevrilməkdədir. Ölkənin həyata keçirdiyi ardıcıl və uzaqgörən enerji strategiyası həm iqtisadi inkişafın təmin olunmasına, həm də beynəlxalq enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və praqmatik siyasətin nəticəsidir.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button