AnalitikaGündəmSiyasət

Azərbaycan enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır

2026-cı il iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən ənənəvi Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı ilə bir daha Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı mühüm və əvəzsiz rolu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısının çıxışı yalnız enerji sektoru ilə bağlı iqtisadi baxışların ifadəsi deyil, eyni zamanda Azərbaycanın regional liderlik mövqeyinin, etibarlı tərəfdaş imicinin və uzaqgörən siyasi strategiyasının növbəti nümayişi oldu.

Bakı Enerji Həftəsi uzun illərdir ki, dünyanın aparıcı enerji şirkətlərini, hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və ekspertlərini bir araya gətirən nüfuzlu beynəlxalq platforma kimi tanınır. Məhz bu baxımdan Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər təkcə Azərbaycan üçün deyil, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında səslənən mesajlar Azərbaycanın enerji siyasətinin əsas prioritetlərini, regional əməkdaşlıq təşəbbüslərini və yeni dövrün çağırışlarına uyğun inkişaf strategiyasını aydın şəkildə ortaya qoydu.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, vaxtilə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini təşkil edib və zaman keçdikcə qlobal əhəmiyyətli platformaya çevrilərək bu gün “Bakı Enerji Həftəsi” adı altında dünyanın aparıcı enerji tədbirlərindən biri kimi tanınır. Dövlət başçısının xüsusi olaraq qeyd etdiyi kimi, 30 il əvvəl imzalanmış “Şahdəniz” qaz layihəsi Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı oldu və ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevirdi.

Müstəqilliyin ilk illərində qarşılaşdığı iqtisadi və siyasi çətinliklərə baxmayaraq, Azərbaycan ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş neft strategiyasını uğurla həyata keçirərək enerji sektorunu ölkənin inkişafının əsas lokomotivinə çevirdi. Bu strategiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan iri beynəlxalq enerji layihələri Azərbaycanın dünya enerji xəritəsində mövqeyini daha da gücləndirdi. Bu gün ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji marşrutları regionun iqtisadi inkişafına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə və enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi maraqlara deyil, həm də beynəlxalq etimada və strateji tərəfdaşlığa əsaslanması idi. Bu gün Azərbaycan enerji resurslarının dünya bazarlarına təhlükəsiz və sabit şəkildə çatdırılmasını təmin edən etibarlı ölkə kimi qəbul olunur. Avropanın enerji təhlükəsizliyində ölkəmizin artan rolu, xüsusilə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın məsuliyyətli tərəfdaş mövqeyi Prezident tərəfindən qətiyyətlə ifadə edildi.

Son illərdə baş verən qlobal enerji böhranları bir daha göstərdi ki, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, milli təhlükəsizlik və beynəlxalq sabitlik məsələsinə çevrilib. Belə bir şəraitdə Azərbaycanın etibarlı təchizatçı kimi fəaliyyəti bir çox ölkələr tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmiz bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirərək tərəfdaşlarının etimadını qazanıb. Məhz bu etimad Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır.

Dövlət başçısının çıxışında ABŞ Prezidenti Donald Trump, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfindən tədbirə ünvanlanan məktubların xüsusi qeyd olunması Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, Azərbaycanın dünya siyasətində və enerji diplomatiyasında artan çəkisinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Bu fakt həm də onu göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və vacib strateji aktor kimi qəbul edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü enerji siyasəti nəticəsində Azərbaycan bu gün yalnız neft və qaz ixrac edən ölkə deyil, həm də yaşıl enerji keçidində fəal iştirak edən dövlət kimi çıxış edir. Son illərdə ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən iri layihələr Azərbaycanın enerji balansının şaxələndirilməsi istiqamətində mühüm addımlar hesab olunur.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın gələcəyə hesablanmış enerji strategiyasının mühüm tərkib hissəsidir. Bu bölgələrdə həyata keçirilən layihələr təkcə ölkənin enerji potensialını artırmır, həm də ekoloji dayanıqlılığın təmin olunmasına xidmət edir. Xəzər dənizinin zəngin külək enerjisi potensialının beynəlxalq əməkdaşlıq çərçivəsində istifadəyə verilməsi istiqamətində atılan addımlar da Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək niyyətinin göstəricisidir.

Prezident İlham Əliyevin çıxışında enerji siyasəti ilə yanaşı, regional əməkdaşlıq və iqtisadi inteqrasiya məsələləri də xüsusi yer tutdu. Bu gün Azərbaycan iştirak etdiyi beynəlxalq layihələr vasitəsilə müxtəlif regionlar arasında enerji körpüsü rolunu oynayır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və enerji dəhlizləri ölkəmizin geostrateji əhəmiyyətini daha da artırır. Bu amil Azərbaycanın yalnız enerji sektorunda deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilməsini təmin edir.

Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, enerji bazarında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanın mövqeyi sabit və güclü olaraq qalır. Ölkəmiz həm ənənəvi enerji resurslarının ixracında, həm də bərpa olunan enerji sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərməkdə davam edir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir.

Şübhəsiz ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlara söykənən müstəqil siyasətinin, güclü iqtisadi modelinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təsdiqi oldu. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında enerji təhlükəsizliyi məsələsində təkcə regionun deyil, dünyanın etibarlı tərəfdaşı olaraq öz mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin enerji sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi strateji layihələr və gələcəyə yönəlmiş təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, iqtisadi gücünün möhkəmlənməsinə və qlobal enerji təhlükəsizliyinə töhfəsinin daha da genişlənməsinə xidmət edir.

Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

 

 

 

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button