
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər tarixi dostluq və qarşılıqlı hörmət üzərində qurulub. Hər iki dövlət müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırıblar. Onların əməkdaşlığı sadəcə siyasi müstəvidə deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində intensiv şəkildə inkişaf edir. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqları qəbul edən ilk ölkələrdən biri olub. Azərbaycan da Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu qarşılıqlı dəstək regionda sabitlik və etimad mühitinin formalaşmasına böyük təsir göstərir.
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq xüsusilə enerji və nəqliyyat sektorlarında özünü göstərir. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum ,Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars əsas layihələr regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Bu layihələr təkcə iqtisadi inteqrasiyanı artırmır, həm də region ölkələrinin bir-birinə olan asılılığını gücləndirərək münaqişə risklərini azaldır. Nəticədə bu cür əməkdaşlıq regionda uzunmüddətli təhlükəsizlik üçün real baza yaradır. NATO və Avropa İttifaqı ilə tərəfdaşlıq proqramlarına qoşulublar, Qlobal təhlükəsizlik təşəbbüslərində iştirak edirlər, BMT çərçivəsində bir-birini dəstəkləyirlər Azərbaycan və Gürcüstan beynəlxalq platformalarda da fəal əməkdaşlıq edirlər. Gürcüstan NATO-ya inteqrasiyanı hədəfləyir, Azərbaycan isə NATO ilə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlarda iştirak edir. Hər iki ölkə Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı vasitəsilə Avropa strukturlarına yaxınlaşmaqdadır. Bu cür beynəlxalq əməkdaşlıq Cənubi Qafqazın təhlükəsizliyini qlobal təhlükəsizlik sisteminə daha sıx inteqrasiya edir. Ermənistanla münasibətlərdəki gərginlik fonunda Gürcüstanın neytral və balanslı siyasəti regionda sülh prosesinin inkişafına müsbət təsir göstərir. Gürcüstan dəfələrlə Bakı ilə İrəvan arasında vasitəçilik təklifləri irəli sürmüş, tərəflər arasında dialoqun təşviqində maraqlı olduğunu göstərmişdir. Bu isə Gürcüstanın sülh və təhlükəsizlik sahəsində diplomatik töhfəsini nümayiş etdirir.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sabitliyin qorunmasında, sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Onların strateji əməkdaşlığı, qarşılıqlı dəstəyi, birgə həyata keçirdikləri enerji və infrastruktur layihələri regionun iqtisadi və siyasi inkişafına təkan verir. Eyni zamanda bu əməkdaşlıq, Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimadın bərqərar olunmasına yönəlmiş nümunəvi model kimi çıxış edir. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşməsi regionun rifahına və sabitliyinə daha güclü töhfə verəcəkdir.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası , məsləhətçi