
Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə bu layihəyə üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Qeyd edilən layihələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən, səhmlərinin 51 faizi dövlət mülkiyyətində – İqtisadiyyat Nazirliyi, 49 faizi isə SOCAR-a məxsus “Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edildi. Azərbaycan tərəfdən layihələrin iradə edilməsi SOCAR-ın “SOCAR Upstream Management International” və “SOCAR Midstream Operations” şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə təmsil olunur və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır.
Ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsinin əsasını 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi təşkil edir. 2006-cı ildən hasilata başlanılan yataqdan çıxarılan qaz “Şahdəniz-1” layihəsi üzrə Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri – CQBK (Bakı-Tbilisi-Ərzurum) ilə göndərilir. İndiyədək “Şahdəniz-1” layihəsi üzrə CQBK ilə Gürcüstana 8 milyard kubmetrədək, Türkiyəyə isə 55 milyard kubmetrədək qaz ixrac olunub. Dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi isə məhz Cənub Qaz Dəhlizinin əsas qaz mənbəyi olacaq. İndiyədək “Şahdəniz-2” üzrə hasilat və sonrakı tədrici artım üçün ümumilikdə 16 quyu qazılıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq-cənub cinahında da 4 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edir.
Cari ilin ilk rübündə “Şahdəniz” yatağından – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 4,3 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,5 milyon barrel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Ötən il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edib. Bu vaxtadək isə “Şahdəniz” yatağından 104 milyard kubmetrdən çox təbii qaz əldə olunub, ümumi kondensat hasilatı isə 26 milyon tona çatıb. Azərbaycan təbii qazının daha böyük həcmlərlə Türkiyəyə və Avropaya çatdırılması üçün isə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi icra edilib. Cənub Qaz Dəhlizinin digər tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düymlük boru kəmərinin, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasının inşasını əhatə edir. CQBKG layihəsi 2013-cü ildən icra edilməyə başlayıb və ötən ilin ortalarında yekunlaşdırılıb. Boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP-a qoşulub ki, bu da Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya çatdırılmasına xidmət edir. Layihənin ümumi dəyəri 4,9 milyard dollardır.
Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi və Avropa hissəsi olan TAP-ın qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyuldu. TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” qazını Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşərək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan TAP kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Artıq TANAP və TAP boru kəmərləri bir-birinə fiziki olaraq birləşdirilib. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olacağı gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib.
Hazırda qrafik üzrə davam edən TAP layihəsi üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa edilir. Layihənin reallaşdırılması prosesi isə həlledici mərhələyə daxil olub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir, uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb. Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. Yunanıstan, Albaniya və İtaliyada TAP marşrutu boyunca torpaqların 93 faizdən çoxu bərpa edilib. Üç ölkə üzrə TAP-ın marşrutunda boruların 98 faizi torpağa basdırılıb. Yay aylarında TAP üzrə Avropadakı qaz sistemlərinin operatorları ilə birgə sınaq işlərinə başlanacaq.
Qasımov Ayməddin,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi