
Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşamış və bu gün bu ənənələr davam edərək inkişaf edir. Tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Xüsusilə, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələri strateji və iqtisadi əhəmiyyəti çox önəmlidir.
Hazırda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Lakin dövrümüzdə Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməkdədir.
Ölkələrimiz arasında əlaqələrin inkişafında iqtisadi amil də əhəmiyyətli rol oynayır. Hər zaman əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın malik olduğu yanacaq ehtiyatlarından səmərəli istifadəsini təmin etmək üçün səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə verdiyi önəm zəmanəmizdə özünün aydın ifadəsini tapır. Beləki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin həyata keçirilməsi ilə həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı inkişafının təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. Çoxlarına əfsanə kimi görünən bu layihələr Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələri, birliyi daha da möhkəmləndirdi. Azərbaycanın öz yanacaq ehtiyatlarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm nəqliyyat rolu oynayır. Əhəmiyyətinə görə haqqında danışdığımız neft-qaz layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu bu birliyi daha da möhkəmləndirdi. Azərbaycan və Gürcüstanın yanacaq və nəqliyyat sahələrində birgə həyata keçirdiyi nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta yaşadığımız bölgənin hüdudlarını aşaraq dünya miqyaslı enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm yanacaq layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq və Qərb arasında qısa, səmərəli bağlantı yaradır.
Bununla yanaşı, Azərbaycan və Gürcüstan yaşıl enerji layihələrində də əməkdaşlıq edir. Dünyada yaşıl enerjiyə olan tələbatın artması bu sahədəki birgə layihələrini genişləndirir.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişafı onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyəli tərəfdaşlıq, mehriban qonşuluq və dostluq müddəalarına əsaslanır. Siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində uğurla inkişaf edən əlaqələr Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin əsas təminatçılarındandır.
Beləliklə də, Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkənin münasibətlərinin daha da inkişaf edəcəyi barədə aydın təsəvvür yaratdı. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi aydın görünür.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi


