Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Hər iki dövlət açıq dənizlərə birbaşa çıxışı olmayan, oxşar əhali sayına və ərazi ölçüsünə malikdir, həmçinin müharibə aparan ölkələrlə həmsərhəddir. Bu ümumi xüsusiyyətlər Azərbaycan və Macarıstanı bənzər geosiyasi və təhlükəsizlik çağırışları kontekstində yaxınlaşdırır, həm də həmrəylik və əməkdaşlığın möhkəmlənməsini stimullaşdırır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Postmüharibə dövründə də Azərbaycanın nümayiş etdirdiyi sülh təşəbbüsləri beynəlxalq müstəvidə, o cümlədən Macarıstan tərəfindən müsbət qarşılanıb. Məlumdur ki, sülh müqaviləsinin ilkin mətninin müəllifi Azərbaycan olub və bu sənəd Ermənistan tərəfindən qəbul edilib. Ölkəmizin irəli sürdüyü iki əsas şərt sülh müqaviləsinin imzalanması üçün zəruri hesab olunur. Birinci şərt Ermənistan konstitusiyasında bu günə qədər qalmaqda olan və Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın ləğv edilməsidir. Bu, sülhə aparan yolun hüquqi əsaslarını möhkəmləndirmək baxımından vacibdir. İkinci şərt isə Qarabağ münaqişəsini danışıqlar yolu həll etmək üçün vaxtilə yaradılmış, lakin faktiki olaraq fəaliyyətsiz qalmış ATƏT-in Minsk qrupunun de-yure ləğv olunmasıdır. Bu şərtlər ədalətli, hüquqa əsaslanan və regional sabitliyə xidmət edən yanaşmanı əks etdirir. Son illərin geosiyasi prosesləri göstərir ki, bu reallıqlar fonunda qarşı tərəf həmin tələblərlə razılaşmağa məcbur qalacaq. Çünki təqdim edilən şərtlər qeyri-real və ya birtərəfli deyil, davamlı və ədalətli sülh üçün rasional əsaslardır. Azərbaycan ilə Macarıstanı ortaq mədəni-siyasi dəyərlər birləşdirir. Macar xalqının öz qədim tarixini qoruyub saxlaması onun türk dünyasına münasibətində də əksini tapır. Bu baxımdan Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi rəmzi mənaya və strateji əhəmiyyətə malik addımdır. Macarıstanın TDT ilə fəal əməkdaşlığı onun türk dünyasına bağlılığının göstəricisidir. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Macarıstanın bu il ikinci belə toplantıya ev sahibliyi etməsi təşkilat daxilindəki birlik və həmrəyliyi təcəssüm etdirir. Bu təşəbbüslər türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına şərait yaradır və Macarıstanın bu proseslərdə fəal iştirakını şərtləndirir.
Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşma oldu. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Bununla da, COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə toplantısı Türk dünyasının siyasi-iqtisadi və digər sahələrdəki əlaqələrinin daha da genişlənməsinə yardımçı olacaqdır.
Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyasının məsləhətçisi