
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibə zamanı verilən ilk sual Mərkəzi Asiya dövlət başçılarının görüşü və Azərbaycanın regional əməkdaşlığı ilə bağlı olub. Cənab Prezident Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakı olduğunu , Azərbaycanın bu mühüm tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlara ,ilk növbədə isə qardaş Şavkat Mirziyoyevə təşəkkür etdiyini bildirib. Daha sonra qeyd edib ki,Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycan Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayrılsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Cənab Prezident son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikasının münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirdiyini bildirərək, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçılarının Azərbaycana təxminən 30 səfər etdiyini və özünün də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olduğunu,Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı səfərlərin intensivliyini, fəal siyasi dialoqu və yüksəksəviyyəli qarşılıqlı anlaşma olduğunu vurğuladı.
Növbəti sual Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə ikitərəfli əlaqələrin vəziyyətini necə xarakterizə etməyi ilə əlaqəli olub. Ölkə başçısı bildirib ki,Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsində olmasına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amilin Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə yaranan şəxsi etimad və dostluq münasibətlərinin olduğunu da söyləyən Cənab Prezidentimiz bu münasibətin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulayıb və Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamağın bizim üçün həmişə böyük şərəf və məmnuniyyət olduğunu bildirib,daha sonra əlavə edib ki, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.
Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın hazırkı səviyyəsinin necə qiymətləndirməsi barədə suala cavab olaraq söyləyib ki,İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.
Nəqliyyat, logistika və energetika sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri barədə olan sualı ölkə başçısı cavablandırarkən söyləyib ki, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.
Cənab Prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq barədə də danışıb. Bildirib ki,mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk.Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti olan obyektlərdir:
Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub. Həmçinin ölkə başçısı Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqi qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığını bildirib. Hər iki ölkədə keçirilən mədəni tədbirlər və həyata keçirilən layihələrin Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirdiyini, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərdiyini nəzərə çatdırıb.
Sonda Özbəkistan cəmiyyətinin həm Azərbaycan-Özbəkistan gündəliyində, həm də bütövlükdə regionda baş verən proseslərə artan marağını məmnuniyyətlə qeyd edən İlham Əliyev əsrlər boyu qardaş xalqlarımızı və ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsini arzulayaraq təşəkkürünü bildirib.
Əlisoy Nərgiz,
Xəzər rayonu, D.Cəbrayılov adına
119 nömrəli tam orta məktəbin müəllimi



