
2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi, ortaq dəyərlərin qorunması və yeni strateji hədəflərin müəyyən edilməsi baxımından mühüm hadisə kimi tarixə düşdü. Bu mühüm toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dünyasının gələcəyi naminə strateji istiqamətləri vurğulamaqla yanaşı, Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolunu və təşkilatın geosiyasi əhəmiyyətini bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyevin çıxışı, yalnız Azərbaycanın mövqeyini deyil, həm də Türk dünyasının ortaq məqsədləri naminə həyata keçirilməsi vacib olan prioritetləri əhatə etməklə, bütün iştirakçı dövlətlər üçün istiqamətverici məzmun kəsb etdi. Çıxışında dövlət başçısı, Azərbaycan ilə Türk dövlətləri arasında artan siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın əhəmiyyətini önə çəkərək, bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini vurğuladı. O, Azərbaycanın son illərdə Türk dünyasının iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında oynadığı strateji rolu, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımları qeyd etdi və bu dəhlizin bütün türk dövlətlərini birləşdirəcək mühüm nəqliyyat arteriyası olacağını bildirdi. Prezident həmçinin Ermənistanla münasibətlərə toxunaraq, Azərbaycanın sülh təşəbbüslərinin səmimi və konstruktiv xarakter daşıdığını, lakin qarşı tərəfin qeyri-konstruktiv yanaşmalarının regionda davamlı sülhün bərqərar olmasına maneə törətdiyini bəyan etdi. Bununla yanaşı, Cənab Prezident, Azərbaycanın post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma işlərini təqdim edərək, bu işlərin ölkənin inkişafında, məcburi köçkünlərin geri dönüşündə və regional iqtisadi inteqrasiyada mühüm rol oynadığını vurğuladı. Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması və təşkilatın beynəlxalq arenada vahid mövqedən çıxış etməsinin vacibliyinə dair çağırış oldu. O qeyd etdi ki, TDT yalnız mədəni və tarixi bağlılıqları deyil, həm də ortaq maraqları və çağırışları bölüşən ölkələrin strateji platforması kimi çıxış edir və bu platforma daxilində qarşılıqlı dəstək və həmrəylik prinsipləri əsasında hərəkət etmək vacibdir. Xüsusilə enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, iqlim dəyişikliyi və yaşıl enerji keçidi kimi qlobal problemlər kontekstində Türk dövlətlərinin ortaq proqramlar və təşəbbüslər irəli sürməsi zərurəti Prezidentin nitqində xüsusi yer tutdu.Prezident İlham Əliyev Azərbaycanın bu sahələrdə qabaqcıl təcrübəyə malik olduğunu, yaşıl enerji sahəsində beynəlxalq tərəfdaşlıqlara əsaslanan layihələr həyata keçirdiyini və bu təcrübəni Türk dövlətləri ilə bölüşməyə hazır olduğunu bildirdi. Macarıstanın müşahidəçi statusunda iştirakı ilə keçirilən bu görüş, həm də Türk dünyasının Avropa məkanına inteqrasiyası baxımından simvolik əhəmiyyət daşıyırdı və Prezident İlham Əliyev bu məqamı vurğulayaraq, Macarıstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdi. Sonda Cəna Prezident çıxışını Türk dünyasının birliyinin və inkişafının təmin edilməsində gənclərin və təhsilin roluna diqqət çəkərək, ortaq təhsil layihələrinin, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinin zəruriliyini bildirdi. Beləliklə, Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın Türk dünyasına verdiyi əhəmiyyətin və bu birliyin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətin parlaq göstəricisi olmaqla yanaşı, TDT-nin gələcək inkişaf prioritetlərinə dair strateji vizyon ortaya qoydu. Bu çıxış, həm diplomatik baxımdan, həm də inteqrasiya meylləri kontekstində mühüm bir siyasi bəyanat olaraq qiymətləndirilir və Türk dünyasının gələcək mərhələdə daha güclü və birgə fəaliyyət göstərən bir ittifaq halına gəlməsində mühüm rol oynayacaq.
Sahil Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi