AnalitikaGündəmSosial

Azərbaycan ilə Türkiyə arasında Media Sahəsində Strateji Əməkdaşlıq edir

Azərbaycan ilə Türkiyə arasında münasibətlər tarixən qardaşlıq, dostluq və strateji tərəfdaşlıq əsasında qurulub. Bu əlaqələr təkcə siyasi, iqtisadi və hərbi sahələrlə məhdudlaşmır, həm də humanitar və media sahəsində sıx əməkdaşlıqla möhkəmlənir. Son illərdə media sahəsində əməkdaşlıq iki qardaş ölkənin informasiya təhlükəsizliyi, ümumi media siyasəti və beynəlxalq platformalarda birgə fəaliyyət baxımından xüsusi əhəmiyyət kəsb edib.

Media mühiti sürətlə dəyişdiyi, informasiya müharibələrinin qlobal miqyas aldığı bir dövrdə Azərbaycan və Türkiyənin media əməkdaşlığı daha da strateji xarakter alıb. Bu əməkdaşlığın əsas hədəfi — informasiya məkanında dezinformasiyaya qarşı birgə mübarizə aparmaq, regional və qlobal səviyyədə obyektiv, doğru xəbərlərin yayılmasını təmin etməkdir.

Azərbaycan-Türkiyə media əlaqələrinin möhkəmlənməsində 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi xüsusi rol oynayıb. Bu sənəddə iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, media və informasiya sahəsində də strateji əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Türkiyə və Azərbaycanın media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi, jurnalistlərin birgə layihələrdə iştirakı, informasiya mübadiləsi sahəsində intensiv əməkdaşlıq həyata keçirilir. TRT, Anadolu Agentliyi, “AzərTac”, “Real TV”, “CBC” kimi media qurumları arasında ortaq layihələr, birgə reportajlar, konfranslar və forumlar bu əməkdaşlığın praktiki nümunəsidir.

Xüsusilə 2020-ci ildə Vətən Müharibəsi zamanı Türkiyə mediası Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynayıb. Bu dövrdə informasiya cəbhəsində birgə fəaliyyət həm iki ölkənin dövlətlərinin, həm də xalqlarının birliyinin real göstəricisi oldu.

Bundan əlavə, iki ölkənin media nümayəndələrinin qarşılıqlı səfərləri, təcrübə proqramları, təlimlər və ortaq media layihələri yeni nəsil jurnalistlərin formalaşmasına, peşəkar bacarıqlarının inkişafına töhfə verir. Bu əməkdaşlıq həm də mədəni, mənəvi dəyərlərin təbliğində, ortaq tarixin, dilin və irsin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq yalnız regional deyil, beynəlxalq informasiya platformalarında da strateji tərəfdaşlıq modelinə çevrilib. Bu əməkdaşlıq, gələcəkdə informasiya təhlükəsizliyi və ortaq informasiya siyasətinin formalaşdırılması baxımından da davam etdiriləcək və daha da güclənəcəkdir.

Bugünkü reallıq göstərir ki, Azərbaycan-Türkiyə media əlaqələri təkcə informasiya sahəsində deyil, həm də milli maraqların qorunmasında, həqiqətlərin təbliğində və ortaq dəyərlərin müdafiəsində mühüm rol oynayan bir platformaya çevrilib.

Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button