AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Vyetnam arasında mövcud olan dostluq münasibətləri

Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və səfər zamanı hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatla əlamətdar olub.

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edib. Bu bəyanat Azərbaycan-Vyetnam əlaqələrinin dərinləşdirilməsi, qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin yeni mərhələyə keçidini nümayiş etdirib.Birgə səylər nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı yaradılıb. Həmçinin, energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişləndiriləcək. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və hər iki ölkənin rəhbərləri tərəfindən göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Bu əməkdaşlıq modeli Azərbaycanın Asiya-Sakit Okean regionunda daha fəal iştirakına, alternativ diplomatik platformalar yaratmasına imkan verəcək. Xüsusən də, qlobal dəyişikliklər fonunda Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasət kursu üçün belə tərəfdaşlıqlar yeni fürsətlər yaradır. İkitərəfli ticarət əlaqələri də müsbət dinamika nümayiş etdirir. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, qarşılıqlı iqtisadi əlaqələrin potensialını nümayiş etdirən mühüm göstəricidir. Xüsusilə, neft sənayesi sahəsindəki əməkdaşlıq tarixi təməllərə əsaslanır. Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin formalaşmasında əhəmiyyətli rol oynamışlar. Bu sahədə 2019-cu ildə imzalanmış SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasındakı müqavilə əməkdaşlığın davamlı və strateji olduğunu göstərir. Azərbaycan və Vyetnam arasında mədəni və humanitar sahədə əməkdaşlıq dərin tarixi köklərə malikdir. Sovet dövründə Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlı bu gün də iki ölkə arasında əlaqələrin canlı daşıyıcılarıdır. Azərbaycanın Heydər Əliyev Fondu da Vyetnamda humanitar layihələrin həyata keçirilməsində aktiv iştirak edir.

Nəticə olaraq, Azərbaycan ilə Vyetnam arasında mövcud olan dostluq münasibətləri təkcə keçmişin mirası deyil, eyni zamanda gələcəyə doğru atılan strateji addımlardır. Bu əlaqələr qarşılıqlı maraq və etimada əsaslanır və hər iki ölkənin rifahı naminə yeni üfüqlər açmağa davam edir.

Elçin Dadaşov,
YAP Şuşa rayon təşkilatının 4 saylı  Ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button