AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

 2025-ci il mayın 6-da Cənab Prezident İlham Əliyevin “Vietnam News Agency” informasiya agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında mövcud olan çoxillik dostluq və əməkdaşlıq münasibətlərinin növbəti bariz təzahürü oldu. Müsahibədə Cənab Prezident, iki ölkə arasında möhkəm təməllər üzərində qurulmuş əlaqələrin tarixini, bugünkü inkişaf dinamikasını və gələcək perspektivlərini dolğun şəkildə əks etdirdi. Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, xalqlarımız arasında dostluq və qarşılıqlı anlayış daha dərin köklərə malikdir. Soyuq müharibə dövründən başlayaraq formalaşan bu münasibətlər zamanla inkişaf edərək etimad və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün isə həmin əlaqələr yeni bir mərhələyə qədəm qoyur — qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlığa çevrilir. Cənab Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyən, qlobal sabitliyə və sülhə töhfə verən ölkələrdir. Bu qarşılıqlı dəstək BMT, Qoşulmama Hərəkatı və digər çoxşaxəli platformalarda da öz əksini tapır. İki ölkə arasında iqtisadi münasibətlər də getdikcə genişlənir. Energetika, kənd təsərrüfatı, infrastruktur və təhsil kimi sahələrdə əməkdaşlıq imkanları hər iki tərəf üçün faydalı perspektivlər vəd edir. Cənab Prezident Azərbaycan-Vyetnam iqtisadi əlaqələrinin möhkəmləndirilməsinin hər iki xalqın rifahına xidmət etdiyini bəyan edib. Mədəni-humanitar sahədə də əməkdaşlıq diqqətəlayiqdir. Hər iki ölkənin zəngin mədəni irsi xalqlarımız arasında daha sıx ünsiyyətin qurulmasına şərait yaradır. Mədəniyyət günləri, sərgilər, tələbə mübadilə proqramları və digər təşəbbüslər münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin müsahibəsi göstərdi ki, Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq davam edən dostluq münasibətləri bu gün daha möhkəm əsaslarla inkişaf edir və hər iki xalq üçün faydalı, gələcəyə yönəlmiş strateji tərəfdaşlıq müstəvisində davam etdirilir. Bu münasibətlər təkcə diplomatik deyil, eyni zamanda xalqlarımız arasında hörmət və qarşılıqlı etimada söykənən səmimi əlaqələrin bariz nümunəsidir.

Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button