
2025-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunmuş icra başçılarını qəbul edib. Görüş zamanı dövlət başçısının səsləndirdiyi fikirlər ölkənin idarəetmə sistemində prinsipial dönüş yaradan mühüm çağırışlar kimi dəyərləndirilir. Prezidentin çıxışı bir daha göstərdi ki, müasir mərhələdə Azərbaycanın inkişaf strategiyasının əsas dayaqlarından biri şəffaf, məsuliyyətli və xalqla sıx bağlı dövlət idarəçiliyidir.
Prezident İlham Əliyev qeyd etdi ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, istər mərkəzi, istərsə də yerli səviyyədə fəaliyyət göstərən məmur, təvazökar olmalıdır. Dövlət başçısı vurğuladı: “Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın.” Bu sözlər sadəcə inzibati tələb deyil, dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsidir. Çünki təvazökarlıq, məsuliyyət və dürüstlük bir rəhbərin mənəvi simasını, onun dövlətə və xalqa xidmət səviyyəsini müəyyən edir.
Prezident həmçinin bəzi hallarda məmurların cəmiyyətdə davranış qaydalarına riayət etmədiyini, ifrat dərəcədə təkəbbür nümayiş etdirdiklərini tənqid etdi. Bu cür halların həm həmin şəxslərin nüfuzuna, həm də ümumilikdə dövlətin imicinə zərbə vurduğunu bildirən dövlət başçısı açıq şəkildə bəyan etdi ki, belə davranışlara dözümlülük göstərilməyəcək. İlham Əliyevin fikrincə, məmurun vəzifəsi və imtiyazı deyil, məsuliyyəti var. Onun hər bir hərəkəti və qərarı dövlətin adına yazılır və cəmiyyətin gözündə dövlətin simasını formalaşdırır.
Dövlət başçısı korrupsiya və rüşvətxorluq halları ilə bağlı da sərt mövqe nümayiş etdirdi. Prezident xatırlatdı ki, əyri yola gedən hər bir dövlət məmuru qanun qarşısında cavab verir və bu günədək belə hallar nəticəsiz qalmayıb. “Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq” – deyən İlham Əliyev bu sözlərlə hüquqi dövlət prinsiplərinə sarsılmaz sadiqliyini və korrupsiyaya qarşı mübarizədə qətiyyətini bir daha ortaya qoydu.
Bu çıxışda Prezidentin əsas mesajlarından biri də kadr siyasəti ilə bağlı oldu. İlham Əliyev icra başçılarına müraciətlə bildirdi ki, hər bir rəhbər öz fəaliyyəti ilə Prezidentin ona olan etimadını doğrultmalıdır. Rəhbərlik etdiyi bölgədə nizam-intizam yaratmaq, insanlara xidmət etmək, problemlərin həlli üçün real addımlar atmaq hər bir icra başçısının birbaşa borcudur. Dövlət başçısının sözlərinə görə, əgər hansısa məmur bu tələblərə cavab verməzsə, “lazımi ölçülər” dərhal görüləcəkdir.
Bu çıxış həm də dövlət idarəçiliyində yeni mərhələnin konturlarını müəyyənləşdirir. Artıq Azərbaycan cəmiyyətində aydın şəkildə formalaşıb ki, korrupsiya, rüşvətxorluq və şəxsi maraqlara üstünlük verən məmurlar üçün sistemdə yer yoxdur. Prezidentin ardıcıl və prinsipial siyasəti nəticəsində vətəndaş məmnunluğu, şəffaflıq və məsuliyyət anlayışları dövlət xidmətinin prioritet istiqamətlərinə çevrilib.
Bu çıxış, eyni zamanda, bütün dövlət məmurlarına ünvanlanan bir xəbərdarlıq və çağırışdır. Rəhbər vəzifədə olan hər bir şəxs anlamalıdır ki, dövlətin etimadı böyük şərəfdir, lakin bu etimadın arxasında ağır məsuliyyət dayanır. İlham Əliyevin vurğuladığı kimi, dövlətə sədaqət, xalqa xidmət və şəxsi təvazökarlıq bir məmurun ən böyük sərvətidir.
Bu gün Azərbaycan inkişaf, sabitlik və yenilənmə mərhələsindədir. Bu inkişafın davamlı olması üçün isə hər bir rəhbərin davranışı, idarəçilik mədəniyyəti və cəmiyyətə münasibəti böyük önəm daşıyır. Prezident İlham Əliyevin bu çıxışı bir daha sübut etdi ki, dövlətin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də mənəvi dəyərlərə söykənən idarəçilik mədəniyyəti ilə ölçülür.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



