
Azərbaycan iqtisadi əməkdaşlıq məkanında mövqeyini gücləndirir.
2026-cı il sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda mühüm tədbir təşkil olunub. Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji siyasəti, nəqliyyat və logistika potensialı, rəqəmsal transformasiya, süni intellekt, insan kapitalı və regionda Azərbaycanın artan rolu ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısı tədbirdə moderator, “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin suallarını cavablandırıb.
Forumun mövzusu təsadüfi seçilməyib. Qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, təchizat zəncirlərinin yenidən formalaşdığı və yeni nəqliyyat, enerji və texnoloji əlaqələrin meydana çıxdığı bir dövrdə etimad, sabitlik və dayanıqlı tərəfdaşlıq investorlar üçün mühüm amillərə çevrilir. Azərbaycan bu reallıqlar fonunda özünü yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də regional nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantıların mühüm iştirakçısı kimi təqdim edir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələrin gələcək inkişaf üçün baza yaratdığı xüsusi vurğulanıb. Dövlət başçısının sözlərinə görə, son iki onillik ərzində ölkədə sabit iqtisadi və maliyyə sistemi formalaşdırılıb, iri infrastruktur layihələri həyata keçirilib və Azərbaycan beynəlxalq şirkətlər üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Prezident bildirdi ki, indiyədək görülmüş işlər və formalaşmış sabitlik gələcək inkişaf haqqında danışmağa imkan verən əsas şərtlərdir.
Tədbirdə Azərbaycanın investisiya potensialından danışılarkən qeyd olunub ki, ölkəyə son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Bu göstərici Azərbaycanın investisiya mühitinin beynəlxalq biznes dairələri üçün əhəmiyyətini göstərən əsas faktorlardan biri kimi təqdim olunub. Prezident İlham Əliyev vurğulayıb ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri əldə edilmiş müsbət dinamikanı davam etdirmək və iqtisadi inkişafın uzunmüddətli və dayanıqlı xarakter daşımasını təmin etməkdir.
Prezident çıxışında iqtisadiyyatın şaxələndirilməsi məsələsinə xüsusi diqqət yetirib. Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun əhəmiyyətinin qorunmaqla yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi gələcək iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi göstərilib. Dövlət başçısı xüsusilə bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, rəqəmsal texnologiyalar, süni intellekt, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə böyük imkanların olduğunu bildirib.
Bərpaolunan enerji Azərbaycanın gələcək iqtisadi inkişafında xüsusi yer tutur. Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizinin öz sektorunda 157 giqavatlıq enerji potensialının olduğunu qeyd edib. Eyni zamanda, quruda günəş və külək elektrik stansiyalarının artıq fəaliyyət göstərdiyi bildirilib. Qarşıdakı beş il ərzində ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin daha geniş tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə əsas məqsədlərdən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və əldə olunan qaz ehtiyatlarının ixrac üçün yönəldilməsidir.
Enerji sektorunun inkişafı yalnız hasilatla məhdudlaşmır. Azərbaycanın qarşısında elektrik enerjisinin ötürülməsi və ixracı istiqamətində də böyük imkanlar açılır. Dövlət başçısı elektrik enerjisi sahəsində yeni ötürücü xətlərin yaradılmasının və mövcud şəbəkənin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu layihələr Azərbaycanın həm regional, həm də Avropa enerji bazarlarında rolunun genişlənməsinə xidmət edə bilər.
Prezident İlham Əliyevin çıxışında neft və qaz sektorunun da Azərbaycanın iqtisadiyyatında mühüm rolunu davam etdirəcəyi qeyd olunub. Dövlət başçısı qarşıdakı dövrdə yeni yataqların işlənilməsi, qaz hasilatının artırılması və mövcud enerji layihələrinin genişləndirilməsi ilə bağlı imkanlardan danışıb. “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi və digər layihələr Azərbaycanın enerji potensialının daha da artırılmasına yönəlmiş addımlar kimi təqdim olunub. Forum çərçivəsində SOCAR, XRG və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi üzrə Yekun İnvestisiya Qərarı ilə bağlı sənədlərin mübadiləsi də həyata keçirilib.
Azərbaycanın gələcək iqtisadi inkişafında nəqliyyat və logistika xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri kimi diqqətə çatdırılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan uzun illər ərzində dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına böyük həcmdə investisiya yatırıb. Ölkənin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyini gücləndirib.
Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsi ölkənin coğrafi mövqeyindən səmərəli istifadə etməyə imkan yaradır. Prezident İlham Əliyev Azərbaycanın Qafqazda yerləşməsinə baxmayaraq, siyasi, iqtisadi və nəqliyyat baxımından Mərkəzi Asiya ilə əlaqələrinin getdikcə daha da dərinləşdiyini vurğulayıb. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında iştirak edən ölkələrdən biridir. Bu amil ölkənin regional ticarət və təchizat zəncirlərində rolunu artıran mühüm faktorlardan biri kimi təqdim olunub.
Rəqəmsal iqtisadiyyatın inkişafında insan kapitalının rolu xüsusi vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, texnologiyaların əldə edilməsi ilə yanaşı, həmin texnologiyalarla işləyə biləcək peşəkar və ixtisaslı kadrların hazırlanması əsas şərtlərdəndir. Bu baxımdan təhsil, kadr hazırlığı və kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinin yaradılması da bu istiqamətdə atılmış addımlardan biri kimi qeyd olunub.
Prezidentin çıxışında mədənçilik də gələcək iqtisadi inkişafın istiqamətlərindən biri kimi qeyd olunub. Dövlət başçısı mədənçilik sahəsində qəbul edilmiş yeni dövlət proqramının bu sektorda çoxsaylı fəaliyyətlərə təkan verəcəyini bildirib. Bu yanaşma Azərbaycanın təbii ehtiyatlarının iqtisadi dövriyyəyə daha səmərəli cəlb edilməsi və mədən-metallurgiya sahəsinin inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Forum çərçivəsində imzalanmış sənədlər və əldə olunan razılaşmalar Azərbaycanın investisiya gündəliyinin konkret layihələrlə müşayiət olunduğunu göstərir. “Abşeron” yatağı üzrə Yekun İnvestisiya Qərarı ilə yanaşı, SOCAR ilə “Comstock Resources” arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi də daxil olmaqla bir sıra sənədlərin mübadiləsi həyata keçirilib.
Prezidentin çıxışında Azərbaycanın gələcəyi ilə bağlı əsas mesajlardan biri də ölkənin regional və qlobal iqtisadi əlaqələrdə rolunun daha da artırılmasıdır. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, enerji imkanları, maliyyə ehtiyatları və insan kapitalı ölkənin yeni iqtisadi mərhələyə keçidi üçün əsas amillər kimi təqdim olunub. Dövlət başçısı beynəlxalq investorları Azərbaycanla əməkdaşlığa dəvət edərək, kapitaldan əlavə texnologiya, təcrübə və qabaqcıl idarəetmə təcrübəsinin ölkəyə gətirilməsinin əhəmiyyətini vurğulayıb.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər və forum çərçivəsində imzalanan sənədlər Azərbaycanın investisiya gündəliyinin getdikcə daha çox şaxələndiyini göstərir. Forumun əsas mesajlarından biri ondan ibarətdir ki, Azərbaycan mövcud enerji imkanlarını qorumaqla yanaşı, yeni iqtisadi sahələrə, müasir texnologiyalara və beynəlxalq bağlantılara əsaslanan inkişaf modelini genişləndirmək niyyətindədir. Bu baxımdan Bakı forumu Azərbaycanın regionda iqtisadi, enerji və nəqliyyat bağlantılarının inkişafında oynadığı rolun müzakirəsi üçün mühüm beynəlxalq platforma kimi çıxış edib.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi



