
Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycanın Mərkəzi Avropa üçün, xüsusilə enerji təhlükəsizliyi sahəsində artan strateji əhəmiyyətinin və Bakının dost Aİ ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirmək istəyinin bariz nümunəsi oldu. Səfər Avropada davam edən mürəkkəb geosiyasi vəziyyət fonunda baş tutdu. Xarici çağırışlara baxmayaraq, Azərbaycan və Macarıstanın praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq modeli hər iki ölkənin suveren xarici siyasət yanaşmasını nümayiş etdirdi. Bunu səfər çərçivəsində səsləndirilən fikirlər və birgə bəyanatlar da təsdiqlədi. Onlar strateji tərəfdaşlığın, regional və qlobal məsələlər üzrə koordinasiyanın, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda deyib: “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsinin mahiyyətini və hüquqi əsaslarını xüsusi qeyd etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilib. Bu, bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşır və haqqını qanuni yolla təmin edir.
Prezident İlham Əliyevin Macarıstana səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti qlobal proseslər fonunda praqmatik, milli maraqlara əsaslanan və strateji tərəfdaşlıq əlaqələrini gücləndirməyə yönəlmişdir. İkitərəfli münasibətlərdə qarşılıqlı hörmət, dostluq və ortaq dəyərlərə əsaslanan bu xətt regional sabitlik və beynəlxalq əməkdaşlığa töhfə verir.
Könül Hüseynova,
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri