
“İstənilən demokratik cəmiyyətdə müxtəlif siyasi mövqelər və fikirlər olmalıdır. Lakin bu fikirlər milli maraqlara zidd olmamalı, dövlətçiliyin əleyhinə deyil, onun inkişafına xidmət etməlidir. Təəssüf ki, bəzi müxalif şəxslərin çıxışları artıq uzun illərdir ki, tənqiddən çox təxribat xarakteri daşıyır. Onlar özlərini alternativ siyasi güc kimi təqdim etməyə çalışsalar da, bu yanaşmalar nə real ictimai dəstək, nə də siyasi dayanıqlılıq qazandırır”.
Obyektivxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva radikal müxalif dairələrinin çıxışlarında Avropaya inteqrasiya meyilləri mövzusunda danışarkən deyib.
O bildirib ki, Avropaya inteqrasiya məsələsində Azərbaycanı, guya, bu prosesdən kənarda göstərmək, ölkənin Rusiyayönümlü siyasət yeritdiyini iddia etmək tamamilə reallıqdan uzaq və təhlükəli yanaşmadır: “Məsələn, Əli Kərimlinin Avropa Birliyi rəsmilərinin “Avropa güclü olmalıdır ki, Ukrayna, Moldova, Ermənistan kimi ölkələri müdafiə edə bilsin” fikrinə istinad edərək, Azərbaycanın və hətta Gürcüstanın adının çəkilməməsini deməsi açıq-aşkar ictimai rəyi çaşdırmaq və Avropaya xidmət nümayiş etdirmək məqsədi daşıyır.
Azərbaycan nə Ukraynadır, nə Moldova, nə də Ermənistandır. Biz öz gücünə arxalanan, suveren və müstəqil siyasət yürüdən dövlətik. Azərbaycanın iqtisadi potensialı, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regiondakı rolu adıçəkilən ölkələrlə müqayisə olunmayacaq qədər üstündür. Prezident İlham Əliyev dəfələrləən bəyan edib: “Biz kimdənsə asılı olmaq istəmirik, biz etibarlı tərəfdaşıq”.
Bu mövqe Azərbaycanın beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etdiyini və regionda söz sahibi olduğunu sübut edir”.
Deputat əlavə edib ki, bu cür çıxışlar və mövqelər iki səbəbdən qaynaqlana bilər:“Ya Azərbaycanın artan gücü və siyasi liderliyi bəzi dairələr tərəfindən qəbul edilmir, ya da həmin şəxslər xarici mərkəzlər qarşısında müəyyən öhdəliklər götürüblər. Avropanı ideal model kimi təqdim etmək, hətta Ermənistanın siyasətini nümunə göstərmək açıq şəkildə Azərbaycanın milli maraqlarına ziddir və gülüncdür.
Xatırlatmaq yerinə düşər ki, Gürcüstan da vaxtilə analoji siyasət yürüdürdü, lakin nəticədə ölkənin hansı xaos və böhranla üzləşdiyini heç kim unutmayıb. Azərbaycanda isə güclü liderlik, milli həmrəylik və çevik diplomatiya sayəsində sabitlik qorunur və davamlı inkişaf təmin edilir.
Azərbaycan cəmiyyəti artıq bu cür ritorikanın mahiyyətini aydın şəkildə dəyərləndirib. 2020-ci ildə Vətən müharibəsi zamanı xalqın dövlətinə, Prezidentinə və Ordusuna göstərdiyi dəstək bunun ən bariz nümunəsidir. Bugünkü çağırışlar isə nəinki dəstək qazanmır, əksinə, ictimaiyyət tərəfindən etinasızlıqla qarşılanır. Çünki cəmiyyət çox yaxşı anlayır ki, sabitlik və inkişaf üçün milli birlik əsas şərtdir”.
Mehriban Vəliyevanın sözlərinə görə, radikal müxalifət yalnız destruktiv ritorika ilə çıxış edir, lakin heç bir real proqram və ya alternativ yol təqdim etmir:“Tənqid tənqid xatirinə deyil, məqsədli və konstruktiv olmalıdır. Əks təqdirdə, bu, siyasi məsuliyyətsizlik və populizmdən başqa bir şey deyil. Azərbaycanın çoxvektorlu müstəqil siyasəti tərəfdaşlıq və qonşuluq münasibətlərinin aydın sərhədlərini müəyyən edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz, eyni zamanda Fransa kimi dövlətlərin kolonializm siyasətini tənqid edən prinsipial mövqe nümayiş etdirə bilir. Bu isə Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan müstəqil diplomatik xəttinin göstəricisidir. Bu siyasət xalqımızın iradəsini əks etdirir və bu iradəni heç bir yalan və ya təxribatla sarsıtmaq mümkün deyil.
Azərbaycan artıq yeni dünya düzənində öz yerini və qütbünü dəqiq müəyyən edib. “Bizim ailəmiz türk dünyasıdır” prinsipi çoxlarını narahat edir. Azərbaycan doğru yolda və güclü addımlarla irəliləyir. Dövlət nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilir. Onun sözü də imzası qədər qətidir.
Müxalifətin suyu bulandırmaq cəhdləri, düşmənin dəyirmanına su tökən mövqeləri isə yalnız təəssüf doğurur. Onların cəmiyyətə təsir gücü yoxdur və olmayacaq. Bugünkü geosiyasi reallıqda daxili sabitlik milli təhlükəsizliyin əsas dayağıdır. Azərbaycan artıq regional gücə çevrilib. Belə bir şəraitdə daxildə qarşıdurma yaratmaq cəhdləri yalnız xarici maraqlara xidmət edir”.
Millət vəkili həmçinin vurğulayıb ki, bu cür təxribat xarakterli ritorika həm cəmiyyət, həm də dövlət səviyyəsində qətiyyətlə rədd edilir: “Azərbaycan xalqı yaxşı anlayır ki, sabitlik, milli həmrəylik və güclü dövlət doğru yoldur. Doğru yolu əyri görənlər isə tarixdən dərs çıxarmalıdırlar.
Azərbaycan öz iqtisadi və enerji potensialı ilə regionun əsas aktorudur. Müstəqil siyasəti ilə etibarlı tərəfdaşlıq münasibətləri qura bilir. Milli maraqlara toxunduqda sərt mövqeyini də bildirə bilir. Güclü tərəfdaşları və özünü müdafiə gücünə də malikdir. Ərazi bütövlüyünü təmin edib, sabitlik və təhlükəsizliyi bərqərar edib.
Bu gün Azərbaycan regionda söz sahibidir və sabitlik onun strateji üstünlüyüdür. Radikal ritorika və boş populizm isə bu dayanıqlı inkişaf yoluna təsir göstərə bilməz”.