AnalitikaGündəmOrdu

Azərbaycan Ordusu Dövlətimizin Güc Simvoluna Çevrilmişdir

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar tarixlərdən biridir. Bu gün dövlətimizin qüdrətini, xalqımızın birliyini və ordumuzun gücünü ifadə edir. Azərbaycanın müstəqilliyinin qorunmasında və ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrimizin rolu əvəzsizdir.

Müstəqil dövlətin əsas atributlarından biri güclü ordudur. Azərbaycan xalqı da bu həqiqəti hər zaman dərk etmiş və öz ordusunun inkişafına böyük önəm vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda hərbi təhsil sistemi formalaşdırılmış, minlərlə gəncin peşəkar hərbçi kimi yetişməsinə şərait yaradılmışdır. Hərbi liseylərin və ali hərbi məktəblərin fəaliyyəti milli zabit korpusunun güclənməsinə mühüm töhfə vermişdir.

Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilmişdir. Ordunun maddi-texniki bazası gücləndirilmiş, ən müasir silahlar və texnologiyalar alınmış, hərbçilərin sosial müdafiəsi diqqət mərkəzində saxlanılmışdır.

Azərbaycan Ordusunun qazandığı uğurlar həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Aprel döyüşləri, Günnüt əməliyyatı və digər uğurlu hərbi əməliyyatlar ordumuzun döyüş qabiliyyətini nümayiş etdirmişdir.

2020-ci ilin Vətən müharibəsi isə Azərbaycan Ordusunun gücünü bütün dünyaya sübut etdi. Ordumuz düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi. Bu qələbə xalqımızın birlik və həmrəyliyinin nəticəsi idi.

Qələbədən sonra da ordu quruculuğu prosesi dayanmadı. Yeni komando birlikləri yaradıldı, hərbi təhsil sistemi təkmilləşdirildi və beynəlxalq əməkdaşlıq genişləndirildi. Bütün bunlar gələcək təhlükəsizlik üçün mühüm təminatdır.

Bu gün Azərbaycan Ordusu yüksək peşəkarlığı, güclü texniki bazası və vətənpərvər şəxsi heyəti ilə seçilir. Ordumuz dövlətimizin müstəqilliyinin və suverenliyinin ən etibarlı təminatçısıdır.

Azərbaycan xalqı öz ordusu ilə haqlı olaraq fəxr edir. Silahlı Qüvvələrimiz bundan sonra da dövlətimizin güc simvolu olaraq ölkəmizin təhlükəsizliyini etibarlı şəkildə qoruyacaqdır.

Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button