AnalitikaGündəmSiyasət

Azərbaycan–Özbəkistan tərəfdaşlığı siyasi, iqtisadi və mədəni sahələrdə davamlı yüksəlişə nail olur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin bu gün hansı yüksək səviyyəyə çatdığını bir daha nümayiş etdirir. Prezidentin fikirləri həm regional əməkdaşlığın strateji mahiyyətini, həm də Azərbaycan-Özbəkistan əlaqələrinin nümunəvi modelə çevrildiyini aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyev müsahibədə vurğulayır ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında coğrafi məsafə Xəzər dənizi vasitəsilə aradan qalxır. Xəzər təkcə su hövzəsi deyil – xalqlarımızı birləşdirən tarixi-mədəni körpü, iqtisadi və strateji əməkdaşlığın rəmzidir.

Son illərdə Azərbaycan Dövlət Başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Platformasında ardıcıl iştirakı, Bakı, Astana, Düşənbə və Daşkənd arasında möhkəmlənən siyasi etimadı açıq şəkildə göstərir. Son üç ildə Mərkəzi Asiya liderlərinin Azərbaycana təxminən 30 səfəri, Prezident İlham Əliyevin isə regiona 13 səfəri bu əlaqələrin intensivliyinin bariz sübutudur.

Orta Dəhlizin sürətlə genişlənməsi, regionumuzun geoiqtisadi çəkisini artıran ən mühüm faktor olaraq ölkələrimizin əməkdaşlığına yeni nəfəs verir. Bu dəhliz təkcə nəqliyyat marşrutu deyil, Mərkəzi Asiya ilə Azərbaycan arasında strateji həmrəyliyin təməl elementinə çevrilib.

Diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olan Azərbaycan–Özbəkistan əlaqələri bu gün ən yüksək — müttəfiqlik mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu münasibətlərin gücü təkcə dövlətlərarası sənədlərdən deyil, həm də Prezident Şavkat Mirziyoyev ilə formalaşan şəxsi dostluq və etimaddan qaynaqlanır.

Son bir il yarım ərzində Özbəkistan Prezidentinin Azərbaycana beş səfəri, qarşılıqlı dövlət səfərləri zamanı imzalanan strateji sənədlərin çoxluğu bu tərəfdaşlığın tarixi təməllər üzərində daha da möhkəmləndiyini sübut edir.

Özbəkistanın Qarabağın bərpasına göstərdiyi dəstək – xüsusən Füzulidə Mirzə Uluqbəy məktəbinin inşası – Azərbaycan xalqı tərəfindən qardaşlıq nümunəsi kimi daim yüksək qiymətləndirilir.

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq sürətlə inkişaf edir. Təkcə 2024-cü ildə ticarət dövriyyəsi 252 milyon ABŞ dolları, 2025-ci ilin ilk 9 ayında isə 319 milyon dollar təşkil edərək 87,5% artım nümayiş etdirib. Birgə yaradılan 500 milyon dollarlıq İnvestisiya Şirkəti, Xankəndidə fəaliyyətə başlayan yeni tikiş fabriki, Azərbaycanda fəaliyyət göstərən 120 özbək şirkəti iki ölkənin iqtisadi inteqrasiyasının genişləndiyini ortaya qoyur.

Azərbaycanın müasir nəqliyyat infrastrukturu — Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş hava limanı şəbəkəsi — Özbəkistan və bütövlükdə Mərkəzi Asiya üçün etibarlı tranzit imkanı yaradır. 2024-cü ildə tranzit daşımaların həcmi bir il ərzində 18% artaraq 1,3 milyon ton olub. Hava əlaqələrinin genişlənməsi – Bakı ilə Daşkənd, Səmərqənd, Ürgənc arasında gündəlik səfərlərə yaxın uçuşlar – xalqlarımızı daha da yaxınlaşdırır. Energetika sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılan yeni üçtərəfli əməkdaşlıq isə regionda yaşıl enerji inteqrasiyasının əsasını formalaşdırır.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında əlaqələr təkcə diplomatik münasibətlər deyil, tarixi qardaşlıq və strateji müttəfiqlik üzərində qurulub. Regionumuzun təhlükəsizliyi, iqtisadi tərəqqisi və mədəni birliyi bu əməkdaşlıq çərçivəsində daha da güclənir.

Mirsadıq Səməndərli
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button