AnalitikaGündəmSiyasət

Azərbaycan-Pakistan strateji münasibətlərində yeni mərhələ

“Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün də Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu münasibətlərin daha da genişlənməsinə mühüm əsaslar yaradacaq”.

Bunu “Obyektivxeber.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Pakistan Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biridir: “Pakistanla Azərbaycan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Pakistan hər zaman Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bunu nümayiş etdirib. Hətta, Pakistan həmrəylik nümayiş etdirməklə işğal faktoruna görə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Ona görə də, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir”.

“Hazırda iki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir: “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında bu vaxta qədər 50 sənəd imzalanıb. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq edirlər. Sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır”.

Oxşar Xəbərlər

Back to top button