
Zamanın sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadınları Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçki hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatına fəal şəkildə qoşulmuşlar. Qadınlarımız maariflənərək, əsrlər boyu formalaşmış milli dəyərlərə sadiq qalaraq, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın əsas dayağı olmuşlar. Tariximizin unudulmaz səhifələrində müdriklik və ləyaqət nümunəsi olan görkəmli qadınlarımızın yolu ilə gedən müasir Azərbaycan xanımları, dərin zəkaları və güclü potensialları ilə bu gün də xalqın və cəmiyyətin inkişafına töhfə verməkdədirlər.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı keçirilmiş və bu mühüm tədbir ölkədə dövlətin gender siyasəti tarixində əlamətdar hadisəyə çevrilmişdir. Respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda qadınların daim milli dövlətçilik prinsiplərinə sadiq qaldığını göstərən bu qurultayda mühüm məsələlər müzakirə edilmiş və beş ildən bir qadınların qurultayının keçirilməsi qərara alınmışdır. 1998-ci ildən etibarən davamlı olaraq təşkil edilən bu qurultaylar gender siyasəti sahəsində ən böyük və vacib hadisələrdən biri kimi dəyərləndirilir.
Dövlətin gender siyasəti istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıl xarakter daşımış və Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalanmışdır. Bu fərmana əsasən, ölkənin bütün dövlət qurumlarında qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməli idi. Eyni zamanda, ölkədə qadınların vəziyyəti ilə bağlı beynəlxalq standartlara uyğun statistik məlumatların hazırlanması tapşırılmışdır. Bu sənəd dövlət orqanlarının və digər qurumların gender bərabərliyinin təmin edilməsi sahəsində fəaliyyətini təkmilləşdirməyə, siyasətlərində gender aspektlərini nəzərə almağa imkan yaratmışdır. 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı təsdiq etmişdir. Bu plan siyasət, iqtisadiyyat, sosial sahələr, mədəniyyət, təhsil və səhiyyə sektorlarını əhatə edərək milli prioritetləri əsas götürmüşdür.
Dahi şəxsiyyət Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin dövlət-qadın siyasəti Azərbaycan qadınlarını bu gün cəmiyyətin aparıcı qüvvəsinə çevirmişdir. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz və ana dilimizin qorunması məhz müdrik analarımızın sayəsində zamanın çətin sınaqlarından keçərək yaşamağa davam edir.
Ölkə başçımız Azərbaycan qadınlarına daim xüsusi diqqət və qayğı ilə yanaşır. 8 Mart – Beynəlxalq Qadınlar Gününün ölkəmizdə rəsmi bayram kimi qeyd olunması, hər il bu gün ərəfəsində dövlət başçısının Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu, onların bir qrupunun fəxri adlarla təltif edilməsi və orden, medallarla mükafatlandırılması Azərbaycan qadınına verilən yüksək dəyərin bariz nümunəsidir.
Günay Qəniyeva,
Xəzər rayonu, Milli Aviasiya Akademiyasının tələbəsi