
Qədim İpək Yolunun izləri boyunca uzanan geniş coğrafiya əsrlər boyu xalqları bir-birinə yaxınlaşdırıb, fərqli mədəniyyətləri ortaq dəyərlər ətrafında birləşdirib. Bu yol təkcə ticarət karvanlarının hərəkət etdiyi məkan deyil, həm də dostluğun, qarşılıqlı etimadın və əməkdaşlığın simvolu olub. Bu gün həmin tarixi ənənələr müasir dövrün tələblərinə uyğun şəkildə yeni məzmun qazanır. Azərbaycan ilə Qırğızıstan arasında inkişaf edən münasibətlər də məhz belə möhkəm təməllər üzərində qurulub. Prezident İlham Əliyevin 2026-cı il iyulun 31-də Qırğızıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi diqqət çəkdi. Səsləndirilən fikirlər yalnız iki dost ölkənin bugünkü əlaqələrini deyil, həm də gələcək inkişafın yol xəritəsini müəyyənləşdirən strateji baxışın ifadəsi idi.
Azərbaycan ilə Qırğızıstanı bir-birinə bağlayan amillər diplomatik münasibətlərdən qat-qat dərin məna daşıyır. Eyni tarixi köklər, ortaq türk kimliyi, zəngin mədəni irs və əsrlər boyu qorunub saxlanılan mənəvi dəyərlər bu münasibətlərin əsasını təşkil edir. Dövlətlər arasında qurulan əməkdaşlıq xalqların ürəyində yaşayan qardaşlıq hissinin siyasi müstəvidə davamıdır. Prezident İlham Əliyevin çıxışında da bu həqiqət xüsusi vurğulanaraq bildirildi ki, qarşılıqlı hörmət və etimad Azərbaycan–Qırğızıstan münasibətlərinin dəyişməz dayağıdır. Məhz bu amillər sayəsində son illərdə əlaqələr dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Mətbuata bəyanatda diqqəti cəlb edən əsas məqamlardan biri siyasi dialoqun intensiv xarakter alması idi. Dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsinə əlverişli şərait yaradıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm görüşlər və imzalanan sənədlər ölkələr arasında etimadın nə qədər möhkəm olduğunu göstərir. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Qırğızıstan bu baxımdan bir-birinin mövqeyini dəstəkləyən, ortaq maraqları müdafiə edən dövlətlər kimi çıxış edirlər.
Çıxışda iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə geniş yer ayrılması təsadüfi deyildi. Qloballaşan dünyada davamlı inkişaf yalnız qarşılıqlı faydalı iqtisadi əlaqələr hesabına mümkündür. Prezident İlham Əliyev iki ölkənin iqtisadi potensialının hələ tam istifadə edilmədiyini vurğulayaraq ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, sənaye və kənd təsərrüfatı sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Müştərək müəssisələrin yaradılması, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və innovativ layihələrin həyata keçirilməsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsinə imkan yaradacaq.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat marşrutlarından birinin üzərində yerləşərək regionun mühüm logistika mərkəzinə çevrilib. Qırğızıstan üçün də bu imkanlar beynəlxalq bazarlara daha sürətli çıxış baxımından mühüm üstünlüklər yaradır. Prezident İlham Əliyevin çıxışında Orta Dəhlizin əhəmiyyətinin vurğulanması göstərir ki, bu marşrut təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük strateji əhəmiyyət daşıyır. Nəqliyyat dəhlizlərinin inkişafı ölkələr arasında iqtisadi inteqrasiyanı sürətləndirir, yeni əməkdaşlıq platformalarının yaranmasına zəmin yaradır və regionun tranzit potensialını artırır.
Enerji sahəsində əməkdaşlıq da çıxışın əsas istiqamətlərindən biri idi. Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuz qazanıb. Bununla yanaşı, ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, yaşıl enerji konsepsiyasının həyata keçirilməsi Azərbaycanın gələcək inkişaf strategiyasında mühüm yer tutur. Bu istiqamətdə toplanmış təcrübənin dost ölkələrlə bölüşdürülməsi qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Enerji təhlükəsizliyi bu gün dünya üçün prioritet məsələlərdən biridir və Azərbaycan bu sahədə məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir.
Humanitar əməkdaşlıq dövlətlərarası münasibətlərin ən həssas və ən dəyərli istiqamətlərindən hesab olunur. Prezident İlham Əliyev çıxışında elm, təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin inkişafına xüsusi önəm verildiyini qeyd etdi. Tələbə mübadilə proqramları, ortaq elmi layihələr, mədəni tədbirlər və gənclər forumları xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Çünki dövlətlər arasında qurulan siyasi münasibətlərin davamlı olması üçün ilk növbədə xalqlar bir-birini yaxından tanımalı, ortaq dəyərləri qorumalı və gələcək nəsillərə ötürməlidir.
Türk dünyasının birliyi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan mövzulardan biri idi. Son illərdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi yeni tarixi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan bu prosesdə fəal təşəbbüslərlə çıxış edərək iqtisadi, siyasi və humanitar inteqrasiyanın güclənməsinə mühüm töhfələr verir. Qırğızıstan da bu əməkdaşlığın fəal iştirakçılarından biridir. Ortaq tarix, dil və mədəniyyət xalqları daha sıx birləşdirir, gələcəyə doğru birgə addımlamağa güclü stimul yaradır. Türk dövlətlərinin həmrəyliyi yalnız region üçün deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin və inkişafın möhkəmlənməsinə xidmət edir.Bəyanatda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın ə həmiyyətinə də toxunuldu. Azərbaycan və Qırğızıstan BMT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəkləyərək beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldıqlarını nümayiş etdirirlər. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq müasir beynəlxalq münasibətlərin əsas prinsipləridir. Bu dəyərlər iki ölkənin xarici siyasətində də mühüm yer tutur.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan ilə Qırğızıstan münasibətləri yalnız bugünkü maraqlara söykənmir. Bu əlaqələrin arxasında ortaq tarixdən gələn güclü mənəvi bağlar, gələcəyə hesablanmış strateji baxış və qarşılıqlı etimad dayanır. Səsləndirilən fikirlər yeni layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi və Türk dünyasının daha da güclənməsi istiqamətində mühüm mesajlar verdi. Bu səfər bir daha sübut etdi ki, dostluq zaman keçdikcə daha da möhkəmlənir, qardaşlıq isə ortaq məqsədlər uğrunda birgə fəaliyyətlə daha böyük məna qazanır. Azərbaycan və Qırğızıstan bundan sonra da qarşılıqlı hörmətə, etimada və strateji tərəfdaşlığa əsaslanan münasibətlərini uğurla inkişaf etdirərək regionda sülhün, sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə öz töhfələrini verməyə davam edəcəklər.
Kamran Mustafayev,
YAP Xəzər rayon təşkiatının məsləhətçisi



