AnalitikaGündəmSiyasət

Azərbaycan qlobal səhnədə yeni stratejiya aparır

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Müsahibədə dövlət başçısı Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi, Çin ilə əməkdaşlıq imkanları, iqtisadi inkişaf və enerji təhlükəsizliyi məsələlərinə dair vacib fikirlər səsləndirib. Bu çıxış, həm regional, həm də qlobal müstəvidə Azərbaycanın artan nüfuzunu və ölkənin strateji baxışlarını nümayiş etdirir. Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm nailiyyətin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olduğunu bildirib. Dövlət başçısı bu uğurun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın milli gücünə əsaslandığını xüsusi vurğulayıb. Eyni zamanda, beynəlxalq təşkilatların bu prosesdəki passivliyini tənqid edərək, ölkənin öz gücü ilə ədaləti və tarixi ədalətə əsaslanan mövqeyini bərpa etdiyini qeyd edib. Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Çin münasibətlərinə xüsusi diqqət ayıraraq, Pekinlə əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycanın inkişaf strategiyasına uyğun bir layihə kimi qiymətləndirib. Bu təşəbbüs çərçivəsində həyata keçirilən infrastruktur və logistika layihələrinin Azərbaycan üçün nəqliyyat və ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynadığı qeyd olunub. Prezident Azərbaycanın enerji sektorunda Çinlə əməkdaşlığının gücləndirilməsinin vacibliyindən də bəhs edib. O bildirib ki, ölkə bərpa olunan enerji sahəsinə böyük investisiyalar yönəldir və bu sahədə Çin texnologiyalarından fəal şəkildə istifadə olunur. Günəş və külək enerjisi üzrə layihələrdə Çin istehsalı olan avadanlıqların tətbiqi, həm enerji təhlükəsizliyinin, həm də iqtisadi səmərəliliyin artırılmasına töhfə verir. Müsahibədə Prezident İlham Əliyev xarici investorlar üçün yaradılan şərait və iqtisadi islahatlar barədə də danışıb. Xüsusilə Ələt Azad İqtisadi Zonası layihəsinin ölkəyə xarici investisiyanın cəlbi və yeni texnologiyaların tətbiqi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycanın tranzit potensialının artırılması və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakının genişləndirilməsi məsələləri də müzakirə mövzusu olub. Müsahibənin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin liderlik anlayışı ilə bağlı fikirləri olub. O, əsl liderin xalqa dürüst və məsuliyyətli yanaşmalı, verdiyi vədləri yerinə yetirməli olduğunu bildirib. Bu yanaşmanın siyasi sabitlik, ictimai etimad və davamlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə, Azərbaycanın xarici siyasət kursunun şəffaf və prinsipial xarakter daşıdığını, Çin ilə əməkdaşlığın isə qarşılıqlı hörmət və strateji maraqlar üzərində qurulduğunu bir daha göstərdi. Bu müsahibə həm Çin auditoriyası, həm də beynəlxalq ictimaiyyət üçün Azərbaycanın gələcək planları və regional rolu barədə mühüm mesajlar verdi.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button