Analitika

Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunur

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edərək öz fikirlərini səsləndirib. Dövlət başçısı Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırdıqlarını və bunun mümkün olduğunu deyib. İkinci Qarabağ müharibəsindəki şanlı zəfərin yaratdığı yeni reallıqlar fonunda enerji diplomatiyasında da güclü platforma yaradır. Avropanın əsas enerji təminatçılarından biri olan ölkəmiz artıq “köhnə qitə”dəki tərəfdaşlarını həm də “yaşıl enerji” ilə də təmin edəcək. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və “Yaşıl Enerji” Məşvərət Şurasının birinci toplantısı da bu missiyanın hədəflərinin təqdimatı oldu. Bu toplantıda səslənən fikirlər isə bir daha onu deməyə əsas verdi ki, Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir. Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin enerji siyasətinin məntiqi nəticəsi və ona verilən dəyərin göstəricisidir desək, yanılmarıq. Məhz bu siyasətlə Azərbaycan  Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətini çəkir. Azərbaycan  Prezidentinin qlobal təşəbbüsləri əsasında ərsəyə gələn və ölkəmizin iştirakçısı olduğu enerji layihələri getdikcə öz coğrafiyasını genişləndirir və tərəfdaş dövlətlərin və bu prosesdə iştirak edən tanınmış beynəlxalq şirkətlərin sayı getdikcə artır. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər alternativ mənbələrə marağı daha da artırır. Belə bir məqamda Avropa dövlətlərinin üz tutduğu əsas ölkə Azərbaycandır. Avropa liderlərinin Azərbaycana müraciətinin kökündə ölkəmizin ilk növbədə etibarlı tərəfdaş imici dayanır. Rəsmi Bakının formalaşdırdığı etibarlı tərəfdaş imici Azərbaycanın yeni qlobal səviyyəli enerji tədbirlərinə evsahibliyi etməsi ilə nəticələnir. Bununla yanaşı, Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunur. Artıq ölkəmiz neftlə, qazla yanaşı, dünya bazarına, Avropaya  “yaşıl enerji” ixracına da başlayır. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsindəki iclasda, birinci “Yaşıl Enerji” Məşvərət Şurasının iclasında da məhz bu məsələ ətrafında geniş müzakirələr aparıldı. Prezident vurğuladı ki, tərəfdaşlar təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməlidirlər: “Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də “Cənub qaz dəhlizi” – hamısı uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq”.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button