
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləmiş, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir. Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir.
2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir. Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. İlham Əliyev prezident seçildikdən sonra bu münasibətlərin hərtərəfli inkişafı üçün dövlət başçılarının qarşılıqlı səfərləri həyata keçirilmişdir. 12 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına rəsmi səfər etmişdir. 13-16 oktyabr 2012-ci il tarixində Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı çərçivəsində işgüzar səfərə gəlmişdir. 11-14 mart 2015-ci il tarixində Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər etmişdir. 28 fevral – 1 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı çərçivəsində işgüzar səfər etmişdir. 25-26 oktyabr 2019-cu il tarixində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycana Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısına gəlmişdir. 11-12 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfəri etmişdir. İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.
Hökumət başçılarının da bu qəbildən çoxsaylı görüşləri keçirilmiş, sonuncu belə görüşlərin birində 13 noyabr 2024-cü il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif COP29 çərçivəsində “İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri” mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində iştirak etmişdir. 23 fevral 2025-ci il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana növbəti dəfə dövlət səfəri etmişdir. Görüş zamanı ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə edildi və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi bir daha qeyd edildi, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyəti bir daha vurğulandı. Müzakirələrin nəzərəçarpan hissəsi ticari və iqtisadi sektorlara həsr edildi. Çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən edildi: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə etsin. Müzakirə edilən məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıdır. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə edildi və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayemizin məhsulları artıq 30-dan çox ölkəyə ixrac edilir. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.
Müzakirə edilən digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə İlham Əliyev şəxsən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdi. Əlbəttə ki, bu, bağlantı və daşımalar iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır. Dövlət səfəri çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes-forum təşkil edildi. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.
Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. İki dövlət arasında baş tutan çoxtərkibli görüş zamanı güclü qardaşlıq əlaqələri də bir daha vurğulandı. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların da sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə daim birlikdə olacağıq!
Məlikova Sərvinaz,
Xəzər rayonu, 241 saylı tam orta məktəbin müəllimi