
Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik bir ölkə kimi regionda öz mövqeyini möhkəmləndirir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklərə baxmayaraq, Azərbaycan ötən dövr ərzində bir sıra mühüm nailiyyətlər əldə edib. Xüsusilə son illərdə siyasi sabitliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar ölkənin gələcək inkişafına təməl yaradır. Azərbaycan Respublikasının siyasi sistemi prezident respublikası modelinə əsaslanır. Mərkəzləşdirilmiş idarəetmə forması dövlətin vahid mövqedən çıxış etməsinə imkan verir. Ölkədə aparılan sabit daxili siyasət, müxtəlif ictimai-siyasi qüvvələrin balanslı iştirakı və hüquq-mühafizə sisteminin gücləndirilməsi cəmiyyətin dayanıqlı inkişafına zəmin yaradır. Eyni zamanda, regionda baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycanın daxili sabitliyini qoruyub saxlaması strateji baxımdan mühüm amildir.
Azərbaycan iqtisadiyyatı uzun müddət neft sektoruna əsaslansa da, son illərdə iqtisadi islahatlar sayəsində qeyri-neft sektorunun inkişafı prioritet istiqamətə çevrilmişdir. Aqrar sahə, turizm, informasiya texnologiyaları və nəqliyyat sektorlarında irəliləyişlər müşahidə olunur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədi bu baxımdan yol xəritəsi rolunu oynayır. Qarabağ və Şərqi Zəngəzurun azad olunmasından sonra aparılan bərpa və yenidənqurma işləri ölkə iqtisadiyyatına yeni nəfəs verir. Bu ərazilərin bərpası, oraya sərmayələrin cəlb edilməsi və infrastrukturun qurulması iqtisadi fəallığın genişlənməsinə səbəb olur. Azərbaycan beynəlxalq müstəvidə də balanslı siyasət yürüdür. Qoşulmama Hərəkatına sədrliyi, enerji layihələri vasitəsilə Avropaya inteqrasiyası və regional nəqliyyat dəhlizlərində iştirakı ölkənin qlobal səviyyədə əhəmiyyətini artırır. Bakı-Tbilisi-Ceyhan, TAP və digər enerji layihələri Azərbaycanın enerji ixracatçısı kimi rolunu gücləndirir.
Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə sabitlik və inkişaf kursunu davam etdirir. Siyasi sabitlik, milli maraqlara uyğun strateji hədəflər və ardıcıl islahatlar Azərbaycanın davamlı inkişafına zəmin yaradır. Qarşıdakı illərdə də bu istiqamətdə atılan addımlar ölkənin regionda lider mövqeyini möhkəmləndirəcək.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi