
Azərbaycanla Slovakiya münasibətləri qarşılıqlı dostluq və tərəfdaşlığa əsaslanır. Diplomatik əlaqələrinin 1993-cü ildə qurulmuş bu iki dövlət arasında siyasi və iqtisadi münasibətlər Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə yeni müstəviyə qədəm qoymuş, ölkələrimiz arasında səfirliklər, konsulluqlar fəaliyyət göstərməyə başlamış, siyasi- iqtisadi və humanitar sahələri əhatə edən əməkdaşlıq qurulmuşdur. Slovakiya ilə əlaqələrimiz Avropa İttifaqında müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlamentlərarası dialoqlar və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin qarşılıqlı tərəfdaşlığa doğru davamlı inkişaf etdiyini göstərir. Slovakiya ilə sıx əlaqələrimiz həm də sübut edir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, ümumi siyasətə uyğun əməkdaşlıq apara bilir. Bu əməkdaşlıq iki ölkənin maraqlarına xidmət etməklə, iqtisadi və siyasi sabitlik üçün zəmin formalaşdırır, yeni sərmaye imkanları açır və sülhün bərqərar olmasına yol açır. Diplomatiya, iqtisadi sərmayelər, sənaye sahəsində əməkdaşlıq və parlament dialoqları tərəfdaşlığın mühüm tərkib hissəsi olaraq, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir. Slovakiyanın Avropa İttifaqı daxilində artan rolu, islahatlara əsaslanan idarəçilik nümunəsi və texnoloji inkişaf sahəsindəki nailiyyətləri Azərbaycanın bu ölkə ilə əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açır. Bundan irəli gələrək 2024-cü ilin may ayında isə Bakı şəhərində iki ölkə arasında imzalanan, Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin inkişafını daha da gücləndirərək dövlətlərimiz arasında qarşılıqlı əlaqələri yeni səviyyəyə qaldırıb. Artıq iki ölkə arasında müəyyən olnmuş sahələr üzrə münasibətlərin inkişafı nəzərə çarparaq uzunmüddətli vədlər verir.
Həmçinin, Cənub Qaz Dəhlizi vasitəsilə də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycandan təbii qaz alan Slovakiya dövlətimiz üçün mühüm rol oynayan iqtisadi bir tərəfdaşdır. Onu da qeyd etmək vacibdir ki, ötən il Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal edilmişdir ki, bu da gələcəkdə Respublikamızın Slovakiyaya elektrik enerjisi ixrac edə biləcəyindən xəbər verir.
Slovakiya dövləti bir neçə ildir ki, Azərbaycanın iştirakı ilə həyata keçən beynəlxalq nəqliyyat layihələrində iştirak edir. Xüsusilə, bu dövlət Orta Dəhlizin imkanlarının daha da genişləndirilməsi ilə bağlı əməkdaşlıq etməkdədir. Bundan başqa, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat layihələrinə də birgə əlavə vəsait qoyuluşu nəzərdə tutulmuşdur ki, bu da ikitərəfli münasibətlərin inkişafına ciddi dəstək verəcəkdir.
Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin bərpasına da öz töhfəsini verən Slovakiya şirkəti ilə Qarabağ bölgəsində “ağıllı kənd”, Ağdamın Baş Qərvənd kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı müqavilə bağlanılıb və bu şirkət artıq tikinti işlərinə başlamışdır.
Bir neçə gün öncə möhtərəm Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri, həmçinin, bu ilin noyabr ayında Slovakiya rəsmilərinin Azərbaycana səfəri, müxtəlif beynəlxalq tədbirlərdə dövlət başçılarının apardığı müzakirələr, iki ölkə arasında tərəfdaşlığa dair sənədin imzalanması Azərbaycan-Slovakiya münasibətlərinin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır. Bütün deyilənlərdən aydın olur ki, qarşılıqlı əlaqələrin genişlənməsi dövlətlərimiz arasında münasibətlərinin etibarlı, dostluğa söykənən və geniş imkanlı olduğunu göstərir.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi



