
Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın Avropa siyasətində formalaşdırdığı yeni strateji xəttin məntiqi davamı kimi çıxış edir. Bu səfər göstərdi ki, Bakı artıq Avropa İttifaqı ilə münasibətlərdə passiv tərəfdaş deyil, prosesləri yönləndirən, regional reallıqları dəyişdirən və əməkdaşlığın gündəliyini müəyyən edən fəal aktor statusundadır. Slovakiyaya səfər məhz bu mövqenin siyasi təsdiqi oldu.
Prezident İlham Əliyevin Bratislavada yüksək səviyyədə qarşılanması və səfərin Slovakiya rəhbərliyi tərəfindən son dərəcə mühüm siyasi hadisə kimi dəyərləndirilməsi bu münasibətlərin strateji çəkisini açıq şəkildə göstərdi. Bu, Azərbaycanın Avropada artan nüfuzunun və etibarlı tərəfdaş statusunun açıq təsdiqi oldu.
Prezident İlham Əliyevin çıxışında enerji sahəsi xüsusi vurğulandı. Dövlət başçısı Azərbaycan qazının artıq Slovakiyaya çatdırıldığını bildirərək, bunun Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə olduğunu qeyd etdi. O xatırlatdı ki, Cənub Qaz Dəhlizi bu gün qitənin enerji şaxələndirilməsi strategiyasında aparıcı rol oynayır və Azərbaycan uzunmüddətli, etibarlı enerji tərəfdaşı kimi öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bu mesaj həm də Azərbaycanın Avropa İttifaqına inteqrasiya edən ölkələrlə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinin siqnalıdır.
Bratislavada aparılan danışıqlar Azərbaycan-Slovakiya münasibətlərinin sırf formal diplomatiya üzərində qurulmadığını, əksinə, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində sistemli və qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq xəttinin formalaşdığını göstərdi. Prezident İlham Əliyevin səfərinin əsas mesajlarından biri də budur: “Azərbaycan Avropa ilə əməkdaşlığı yalnız enerji tədarükçüsü imici ilə məhdudlaşdırmır, münasibətləri daha geniş – investisiya, nəqliyyat, sənaye inteqrasiyası və regional sabitlik kimi sahələrdə strukturlaşdırır”. Avropa İttifaq ilə son aylarda intensivləşən dialoq da səfərin əhəmiyyətini artırır. Avropa rəhbərliyi ilə ardıcıl görüşlər, telefon danışıqları və yüksək səviyyəli platformalardakı müzakirələr göstərir ki, Avropa İttifaqı artıq Azərbaycana təkcə enerji təminatı baxımından deyil, strateji sabitlik və Cənubi Qafqazda yeni geosiyasi düzəni formalaşdıran tərəfdaş kimi yanaşır. Azərbaycanın ötən il Avropa İttifaqı ölkələrinə 12,9 milyard kubmetr qaz ixrac etməsi məhz bu rolun iqtisadi təməlidir, lakin münasibətlərin məzmunu bununla məhdudlaşmır.
Səfərin vaxtı da təsadüfi deyil. Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələyə keçməsi, Vaşinqtonda paraflanmış razılaşma və regionda yaranmış postmünaqişə reallığı Avropa üçün yeni iqtisadi və təhlükəsizlik imkanları yaradır. Slovakiya kimi Avropa İttifaqı ölkələrinin bu mərhələdə Bakıya marağının artması Azərbaycanın regional lider rolunun qəbul edildiyini göstərir. Naxçıvan üzərindən keçəcək yeni nəqliyyat layihələri, Orta Dəhliz və Transxəzər marşrutları Avropanın Cənubi Qafqaza marağını daha da yüksəldir.
Slovakiya ilə aparılan danışıqlarda sənaye kooperasiyası, enerji keçidi, investisiya təşəbbüsləri və parlament platformalarında dialoqun genişləndirilməsi kimi məsələlərin önə çəkilməsi tərəflərin münasibətləri uzunmüddətli strateji model üzərində qurduğunu göstərir. Bu, münasibətləri klassik diplomatik təmaslardan çıxarıb real iqtisadi dəyər yaradan əməkdaşlıq mərhələsinə daşıyır. Nəticə olaraq, Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycanın Avropada artan çəkisini nümayiş etdirən və Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyasında ölkəmizin aparıcı rolunu təsdiqləyən mühüm siyasi hadisədir. Bu səfər həm ikitərəfli münasibətlərin strateji çərçivədə güclənməsinə, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsinə ciddi təkan verir.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Siyasi dialoqdan enerji və logistika layihələrinə, texnologiyadan müdafiə sənayesinə qədər çoxşaxəli əməkdaşlıq istiqamətləri göstərir ki, Azərbaycan–Slovakiya əlaqələri yeni dövrdə daha dinamik, qarşılıqlı faydalı və strateji xarakter daşıyacaq.
Röya Vəkilova,
Xəzər rayonu, Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi



