Azərbaycan-Tacikistan qardaşlığı inkişaf edir

Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Bu dəhlizin açılması ilə vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək” sözləri də həyatda öz əksini tapacaq. Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər. Dövlət başçılarının vurğuladıqları kimi, əməkdaşlığın prioritet sahələri də müəyyənləşdirilib. O cümlədən nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Prezident İlham Əliyevin dost ölkəyə növbəti səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də tərəflərin əməkdaşlığın spekt-rini genişləndirmək niyyətində olduqlarını təsdiqləyir. Düşənbədə imzalanan sənədlər sırasına “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı” .Hazırda iki ölkə arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Hər iki ölkədə münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsində həm dövlətlər güclü siyasi iradə göstərirlər, həm də cəmiyyətlərdə buna böyük istək var. Ümidvarıq ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tezliklə tarixi Şuşa şəhəri bütün dünyanın diqqətini cəlb edən turizm məkanına da çevriləcəkdir.
Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi