Analitika

Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir

Türkiyə–Azərbaycan qardaşlıq münasibətləri tarixin müxtəlif mərhələlərində özünü parlaq büruzə verib. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub, birgə birlik nümayiş etdirib, sevinclərini, kədərlərini birgə bölüşüb. Vətən müharibəsindən əvvəl, sonra da bu, qabarıq nəzərə çarpıb. Fevral ayının 6-da Azərbaycan üçün dost və qardaş ölkə olan Türkiyənin  tarixində ən faciəli hadisələrdən biri, dəhşətli zəlzələ hadisəsi baş verdi. Bu dəhşətli hadisəyə ilk səs verən qardaş Azərbaycan oldu. 2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçımızın tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. Bundan əlavə Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı xalqımızın göstərdiyi dəstəyin fonunda da bu qardaşlıq münasibətləri açıq nəzərə çarpır .Birinci vitse-prezident Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində etdiyi paylaşımda Türkiyədə yaşanan dəhşətli hadisənin ağır nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirərək, faciə qurbanlarına Allahdan rəhmət diləyib, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.Türkiyədə baş verən bu faciəvi hadisə zamanı 29605 nəfər həyatını itirib, 80278 nəfər yaralanıb, 6444 bina fağılıb. Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb.Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti artıq Türkiyəyə yola düşüb.Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da bu gün qardaş ölkədədir. Ölkədə bütün qurumlar səfərbər olub. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. Biz birik, hər zaman da bir olacağıq. Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bütün bunlar bir daha təsdiqləyir ki, sadə  insanlar səviyyəsində də əsl qardaşlıq, mənəvi amillər bizi bir birimizə bağlayır. İnanırıq ki, qardaş Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da şərəflə çıxacaqdır.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button