
Tariximizin ən önəmli günlərindən biri olan 28 May bu il Azərbaycanda daha möhtəşəm və yaddaqalan hadisə kimi qeyd edildi. Müstəqillik Günündə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü təkcə diplomatik baxımdan deyil, həm də rəmzi mənada mühüm əhəmiyyət daşıyırdı. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılan Laçının bu cür yüksəksəviyyəli tədbirlərə ev sahibliyi etməsi bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunduğunu göstərir. Digər tərəfdən isə Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin möhkəmləndirilməsi anlamına gəlir. Laçın Zirvə görüşünü mahiyyət etibarilə 2021-ci ilin iyunundakı Şuşa görüşü ilə müqayisə etmək olar. Şuşa Bəyannaməsinin imzalandığı həmin görüş regionda revanşizmə yol verilməyəcəyinin, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa edəcəyinin, Azərbaycan ərazisindən bütün yad silahlı qüvvələrin çıxarılacağının təminatı olmuşdu. Bu mənada, Laçın Zirvə görüşü və üçtərəfli münasibətlərin yeni səviyyəsi regionda Azərbaycanın haqlı olaraq irəli sürdüyü digər məsələlərin də həllini tapacağının təminatıdır. Laçında baş tutan bu tarixi üçtərəfli görüş Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Bu birlik regional sabitliyin, davamlı inkişafın və qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: “Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün bərpası uğrunda gərin siyasi və diplomatik mübarizə aparıb. Bu yolda dövlətimiz bir çox hallarda ədalətsiz yanaşmalara və ikili standartlara məruz qalıb. Lakin xalqımız həmin məsələdə dəmir yumruq kimi birləşərək heç vaxt inamını və əzmini itirməyib. Müstəqil siyasət, iqtisadi güc, müasir ordu quruculuğu və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi tarixi zəfərlərin təməlində dayanır.
Azərbaycanın haqlı mübarizəsində Türkiyə və Pakistan kimi qardaş ölkələrin göstərdiyi mənəvi-siyasi dəstək daim yüksək dəyərləndirilir. Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi: “Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq modeli yalnız mövcud reallıqlara uyğun deyil, həm də gələcək perspektivlərə yönəlmişdir. Dostluq, qardaşlıq və strateji tərəfdaşlıq müstəvisində qurulan dövlətlərarası münasibətlər hər üç ölkənin mənafelərinə və regionun inkişafına xidmət edir. Azərbaycan, Türkiyə və Pakistan qarşıdakı mərhələdə də birgə təşəbbüslərlə çıxış edərək enerji, müdafiə, nəqliyyat, texnologiya və mədəniyyət sahələrində daha dərin işbirliyi və inteqrasiyaya nail olacaqlar.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi