AnalitikaGündəmSiyasət

Azərbaycan–Türkmənistan münasibətləri nümunəvi tərəfdaşlıq modelinə çevrilib

Müstəqillik dövründə Azərbaycan ilə Türkmənistan arasında qurulan münasibətlər bu gün qarşılıqlı etimad və səmimi dostluq prinsipləri əsasında inkişaf edərək nümunəvi tərəfdaşlıq modelinə çevrilib. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq əməkdaşlığın bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin edir.

Bu münasibətlərin fərqləndirici cəhəti ondan ibarətdir ki, tərəflər əməkdaşlığı yalnız iqtisadi maraqlarla məhdudlaşdırmırlar. Siyasi, humanitar, mədəni, nəqliyyat, enerji və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir.

Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərdi ki, münasibətlər uzunmüddətli perspektivə hesablanıb. Verilən tapşırıqlar və imzalanan sənədlər gələcək əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsinə imkan yaradacaq.

Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa-quruculuq işlərinə Türkmənistanın göstərdiyi mənəvi dəstək də nümunəvi tərəfdaşlığın bariz ifadəsidir. Füzulidə inşa olunan məscid iki qardaş xalq arasında sarsılmaz dostluğun və ortaq dəyərlərin simvoluna çevriləcək.

Azərbaycan və Türkmənistan beynəlxalq platformalarda da bir-birinin mövqeyinə hörmətlə yanaşır və qarşılıqlı dəstəyi davam etdirirlər. Bu yanaşma hər iki dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına xidmət edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş imicini daha da gücləndirib. Türkmənistanla münasibətlər də bu uğurlu diplomatiyanın mühüm istiqamətlərindən biri kimi diqqət çəkir.

Azərbaycan–Türkmənistan münasibətlərinin bu gün nümunəvi tərəfdaşlıq modeli kimi qiymətləndirilməsi təsadüfi deyil. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq gələcək nəsillər üçün də uğurlu dövlətlərarası münasibətlərin örnəyi olacaqdır.

Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button