
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin davamlı inkişafının və strateji tərəfdaşlığın növbəti mərhələyə yüksəldiyinin bariz göstəricisi oldu. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçılarının verdiyi mesajlar Bakı ilə Aşqabad arasında əməkdaşlığın getdikcə daha geniş məzmun kəsb etdiyini bir daha təsdiqlədi. Tarixi, mədəni və mənəvi bağlılıq üzərində formalaşan münasibətlər bu gün siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan-Türkmənistan münasibətlərinin möhkəm tarixi təməllərə söykəndiyini vurğulayaraq qeyd etdi ki, xalqlarımızı əsrlər boyu formalaşmış ortaq dəyərlər, mədəni yaxınlıq və mənəvi bağlılıq birləşdirir. Həqiqətən də, eyni etnik köklərə, dil və adət-ənənə yaxınlığına malik olan iki xalq arasında münasibətlər qarşılıqlı etimad və qardaşlıq prinsipləri üzərində inkişaf edir. Bu amillər dövlətlərarası əməkdaşlığın davamlı xarakter almasına mühüm zəmin yaradır.
Səfər zamanı diqqət çəkən məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesinə Türkmənistanın göstərdiyi dəstəyin xüsusi vurğulanması oldu. Prezident İlham Əliyev Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscid kompleksinin tikintisinin həyata keçirildiyini qeyd edərək, bunu xalqlarımız arasındakı səmimi münasibətlərin və qardaşlıq bağlarının növbəti təzahürü kimi dəyərləndirdi. Bu layihə təkcə mənəvi əhəmiyyət daşımır, eyni zamanda Qarabağın dirçəlişinə verilən qardaş dəstəyinin rəmzinə çevrilib.
Azərbaycan tərəfindən Türkmənistana “Dostluq” adlı müasir neftdaşıyan tankerin hədiyyə olunması da münasibətlərin yüksək səviyyəsinin ifadəsi kimi diqqət çəkdi. Bakı Gəmiqayırma Zavodunda inşa edilən tanker iki ölkə arasında sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlığın dərinləşməsinin simvolu olmaqla yanaşı, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın praktik nəticəsi kimi qiymətləndirilir.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan və Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Hər iki ölkə Şərq-Qərb nəqliyyat marşrutunun vacib halqaları kimi Avrasiya məkanında mühüm rol oynayır. Xəzər dənizi vasitəsilə yükdaşımaların artması, Bakı və Türkmənbaşı limanlarının imkanlarının genişləndirilməsi, Orta Dəhlizin potensialından daha səmərəli istifadə edilməsi regional iqtisadi əlaqələrin inkişafına yeni imkanlar açır. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan marşrutu üzrə formalaşan yeni yük axınları isə bu əməkdaşlığın perspektivlərini daha da genişləndirir.
Səfər çərçivəsində imzalanan sənədlər münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət edir. Nəqliyyat, logistika, gömrük məlumatlarının elektron mübadiləsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar tərəflərin əməkdaşlığı uzunmüddətli və sistemli şəkildə inkişaf etdirmək niyyətindən xəbər verir. Bu sənədlər ticarət dövriyyəsinin artmasına, tranzit imkanlarının genişlənməsinə və iqtisadi əlaqələrin daha da güclənməsinə şərait yaradacaq.
Prezident İlham Əliyevin Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına verdiyi dəstəyi yüksək qiymətləndirməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu addım Azərbaycanın Mərkəzi Asiya ilə tarixi, mədəni və iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi dəyərləndirilir. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycan, əsrlər boyu formalaşmış bağlar sayəsində Mərkəzi Asiya ilə sıx əlaqələrini bu gün nəqliyyat və enerji layihələri vasitəsilə yeni məzmunla zənginləşdirir. Artıq Bakı ilə Aşqabad arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş geosiyasi və geoiqtisadi məkanın inkişafına xidmət edən mühüm amillərdən birinə çevrilib. Azərbaycan və Türkmənistan türk dünyasının inteqrasiyasına, Trans-Xəzər əməkdaşlığının genişlənməsinə və Avrasiya məkanında yeni iqtisadi körpülərin formalaşmasına mühüm töhfələr verir.
Bu gün Azərbaycan və Türkmənistan qarşılıqlı etimada, ortaq maraqlara və qardaşlıq dəyərlərinə söykənən strateji tərəfdaşlıq modeli formalaşdırıblar. Sərdar Berdiməhəmmədovun Bakıya dövlət səfəri isə göstərdi ki, iki ölkə arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək, regional sabitliyin möhkəmlənməsinə, Türk dünyasının həmrəyliyinin güclənməsinə və Trans-Xəzər məkanında əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verəcək.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



