
1994-cü il Əsrin müqaviləsi ilə Azərbaycan mühüm neft strategiyasına başladı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu strategiyanı Cənab İlham Əliyev də uğurla davam etdirdi. Bu uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi cəhətdən dirçəldi. Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Ali Baş Komandan İlham Əliyev qonaqları salamlayaraq, layihənin önəmini xatırladıb. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.
Ölkə başçısı çıxışında bildirib ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə bu layihəyə üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək.
2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Cənub Qaz Dəhlizi tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir
Regionun enerji təminatında mühüm əhəmiyyət daşıyan Azərbaycan gələcəkdə də mühüm layihələrə imza ataraq öz üstünlüyünü qoruyacaq. Böyük ümidlər bəslənilən Cənub Qaz Dəhlizi layihəsi də ölkəmiz üşün öz töhfələrini verəcək.
Arzu Yaqubova,
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin tarix müəllimi