Analitika

Azərbaycan və Çin arasında mövcud əlaqələrin güclənməsi xüsusən iqtisadi baxımdan yeni imkanlar açacaq

Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi və Cənab Prezidentin müsahibə əsnasında qeyd etdiyi, fikir bildirdiyi fikirlər iqtisadi, sosial və siyasi tərəfdən maraq doğuran məsələlərdir.

Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. 2013-cü ildə Çin lideri Si Tszinpin tərəfindən irəli sürülən məşhur “Bir kəmər – bir yol” təşəbbüsü də bu çərçivədə qiymətləndirilməlidir. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan Çinin bu meqa-layihəsini dəstəkləyən ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu Memorandum iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün istiqamətlər müəyyən edib. Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur.

2019-cu ilin 24-27 aprel tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci “Kəmər və Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə səfər edib. Bu beynəlxalq forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Bunlar Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair sənədlərdir.

ÇXR Sədri Si Cinpin də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirmiş və Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğuladığını bir daha açıqlamışdır. Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan – Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button