AnalitikaGündəmSiyasət

Azərbaycan və İran arasında münasibətlər zəngin keçmişə dayanır

Azərbaycan və qonşu İran İslam Respublikası arasında diplomatik münasibətlər zəngin keçmişə malikdir. Din, mədəniyyət və mənəvi dəyərlər baxımından yaxınlıq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Elə ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz İran olub. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri, İranın Naxçıvan şəhərində Baş Konsulluğu, Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu fəaliyyət göstərirÖlkəmiz İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.

Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyev İran prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasını bildirib. Cənab prezident vurğulayıb: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir”. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlər mühüm prioritetlərdən biridir. Bu siyasətin əsas məqsədi bölgədə sabitliyi və təhlükəsizliyi təmin etmək, qarşılıqlı iqtisadi və siyasi maraqları qorumaq, regional əməkdaşlıq imkanlarını genişləndirməkdir. İran Prezidenti Məsud Pezeşkianın 28 aprel 2025-ci ildə Azərbaycana rəsmi səfəri 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın yeni rəhbərliyinin Azərbaycanla münasibətləri yenidən qurmaq və inkişaf etdirmək istiqamətində atdığı ilk mühüm addımdır. Səfər əməkdaşlıq sahələrinin genişləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu konteksdə Azərbaycan və İran prezidentlərinin bir-birinə “əziz qardaşım” deyə xitab etməsi də iki ölkə arasında mövcud olan tarixi, mədəni və dini bağların göstəricisidir. Bu da əlaqələrin gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasına töhfə verir. Pezeşkianın “Azərbaycanı yad ölkə saymıram, burada özümü qərib hiss etmirəm” kimi ifadələri, Azərbaycan-İran biznes forumunda ənənəsinə sadiq qalaraq Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça oxuması yalnız şəxsi münasibətləri deyil, həm də iki ölkə arasında əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğunu və qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edəcəyini göstərir.

Məsud Pezeşkian, həmçinin bildirib ki, “Qarabağ Azərbaycanındır və biz buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız ikitərəfli bağlılığı və birliyi möhkəmləndirməyə xidmət edəcək”. İran Prezidenti Azərbaycanda olmaqdan çox şad olduğunu deyib. “Ümid edirəm ki, bizim burada olmağımız və ekspertlərimiz arasında artıq keçirilmiş görüşlərlə mütləq imzalanacaq müqavilələr Azərbaycanla münasibətlərimizdə daha böyük addımların atılması üçün başlanğıc olacaq”, deyə Prezident qeyd edib. Qeyd etmək yerinə düşər ki, İran-Azərbaycan əlaqələrinin qurulmasında Ulu öndər Heydər Əliyevin rolu böyük əhəmiyyət daşıyır. Ümumilli liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, İranla münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Azərbaycan-İran arasında əməkdaşlığın inkişafı haqqında danışıqlar və rəsmi sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin yaxşılaşmasına təkan verdi. Bu münasibətlər Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla davam etdirilib. İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq geosiyasi maraqların möhkəmləndirilməsinə, iqtisadi və təhlükəsizlik məsələlərinin həllinə, həmçinin mədəni mübadilə və insanlar arasında əlaqələrin inkişafına böyük təsir göstərir, hər iki ölkənin regional sabitlik və iqtisadi inkişaf sahəsində qarşılıqlı maraqlarını gücləndirir və daha geniş strateji tərəfdaşlıq imkanları yaradır. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində dövlət başçıları arasında keçirilmiş görüşlər, imzalanmış mühüm sənədlər ölkələrimiz arasında çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək. Bir sözlə, İran-Azərbaycan əməkdaşlığı həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından olduqca vacibdir.

Təbriz Babayev,
Xəzər rayonu, 326 nömrəli tam orta məktəbin Tarix müəllimi,

Oxşar Xəbərlər

Back to top button