
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyi (UzA) üçün verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin bu günkü inkişaf dinamikasını, strateji tərəfdaşlıq məzmununu və regional əməkdaşlığın perspektivlərini dolğun şəkildə əks etdirən mühüm siyasi bəyanat kimi dəyərləndirilə bilər. Müsahibədə dövlət başçısı iki qardaş ölkə arasında möhkəmlənən siyasi ittifaqın tarixi köklərə, ortaq etnik-mədəni dəyərlərə və qarşılıqlı etimada əsaslandığını xüsusi vurğulayaraq, bu əlaqələrin son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycanda və Özbəkistanda həyata keçirilən strateji islahatlar, iqtisadiyyatın diversifikasiyası, sənayeləşmə, rəqəmsallaşma və nəqliyyat-logistika şəbəkələrinin genişləndirilməsi istiqamətində görülən işlər qarşılıqlı fayda və sinerji yaradır, regionda sabitlik və inkişaf üçün mühüm baza formalaşdırır. Cənab Prezident enerji əməkdaşlığı məsələlərinə toxunaraq, Azərbaycanın illərdir formalaşdırdığı enerji infrastrukturu, həyata keçirdiyi neft-qaz və yaşıl enerji layihələrinin Orta Asiya regionu üçün də yeni imkanlar yaratdığını, Özbəkistanın bu sahədə artan potensialı ilə birgə platformada böyük layihələrin reallaşdırılmasının mümkün olduğunu qeyd edib.
O, həmçinin Orta Dəhliz üzərindən yükdaşımaların artmasını, iki ölkənin logistika mərkəzi kimi güclənməsini regional iqtisadi xəritənin yenidən formalaşması baxımından strateji hadisə adlandırıb. Müsahibədə humanitar əməkdaşlıq mövzusu da önə çəkilib; dövlət başçısı Bakı və Daşkənd arasında mədəni, təhsil və elm sahələrində həyata keçirilən layihələri xalqların yaxınlığının göstəricisi kimi xarakterizə edib, xüsusilə Heydər Əliyev adına məktəbin Özbəkistanda fəaliyyətə başlamasını, eləcə də Azərbaycan mədəniyyət günlərinin keçirilməsini xalqlar arasında körpülərin möhkəmlənməsi baxımından önəmli hesab edib. Cənab Prezident türk dünyasının birliyi məsələsinə ayrıca diqqət yönəldərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistanın eyni strateji hədəfləri paylaşdığını, türkdilli dövlətlərin əməkdaşlığının yeni geosiyasi reallıq yaratdığını bildirib.
Onun fikrincə, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, innovasiya və rəqəmsal texnologiyalar üzrə koordinasiyanın gücləndirilməsi həm ikitərəfli, həm də çoxşaxəli əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edir. Müsahibənin mühüm hissələrindən biri də Azərbaycanın regionda yaratdığı yeni təhlükəsizlik reallıqları, Qarabağ münaqişəsinin tarixi şəkildə həll olunması və ölkənin post-konflikt bərpa siyasəti ilə bağlı açıqlamalar idi. Cənab Prezident bildirdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri regional əməkdaşlıq üçün yeni üfüqlər açır və bu prosesdə dost Özbəkistanın Şuşada inşa etdiyi “Mirzə Uluqbəy” məktəbi kimi layihələr qardaşlığın real təzahürüdür. O, Özbəkistan Prezidentinə və xalqına bu dəstəyə görə təşəkkürünü ifadə edərək, iki ölkənin bütün istiqamətlərdə güclü, sabit və uzunmüddətli tərəfdaşlığının bundan sonra da davam edəcəyini bildirib. Müsahibə həmçinin beynəlxalq siyasətin aktual mövzularına toxunmaqla, Azərbaycan və Özbəkistanın qlobal ədalət, beynəlxalq hüquqa hörmət, suverenlik və inkişaf modellərinə dair ortaq yanaşmalara sahib olduğunu göstərdi;
Cənab Prezident qeyd etdi ki, dünya düzəni transformasiya mərhələsindədir və bu dəyişikliklər fonunda milli maraqlara əsaslanan mövqenin qorunması dövlətlərin sabitliyinin əsas təminatıdır. O, Azərbaycanın müstəqil siyasət yürüdən, qərarlarını daxili maraqlar əsasında verən bir ölkə olduğunu, eyni mövqenin Özbəkistanla əməkdaşlığı daha da gücləndirdiyini ifadə etdi. Beləliklə, UzA üçün verilmiş bu müsahibə iki ölkə münasibətlərinin strateji mahiyyətini və qarşıdakı illərdə inteqrasiyanın daha da dərinləşəcəyini nümayiş etdirən əhatəli siyasi platforma kimi çıxış edir.
Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



