AnalitikaGündəmSiyasət

Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək

2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və mətbuata verilən bəyanat yalnız diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də regional geosiyasi reallıqların təhlili baxımından əlamətdar hadisə oldu. Bu səfər, hər iki ölkənin son illərdə formalaşdırdığı qarşılıqlı strateji baxışların və ortaq maraqların praktiki təzahürü idi. Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir: “Hər iki xalq türkdilli dünyaya mənsubdur və ortaq dil, din, adət-ənənə və dəyərlərə malikdir. Bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik deyil, həm də qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır. Son illərdə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, 2022-ci ilin iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, eləcə də 2024-ci ilin avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əməkdaşlığın hüquqi bazasını gücləndirib. Bu mühüm sənədlərdən sonra ölkələrimiz arasında siyasi dialoq intensivləşib, iqtisadi əlaqələr genişlənib, mədəni-humanitar əməkdaşlıq yeni dinamika qazanıb.

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, qlobal və regional miqyasda ortaq mövqelər nümayiş etdirirlər”. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bu yüksək səviyyəli münasibətlərin davamlı inkişaf etdiyini bir daha təsdiqləyir: “Səfər çərçivəsində həyata keçirilmiş tədbirlər, Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılışı və çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, imzalanan sənədlər sırasında qanunverici orqanda təmsil etdiyim şəhərlə bağlı çox önəmli sənəd – “Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” da yer aldı. Qeyd edim ki, Sumqayıt və Daşkənd şəhərləri sənaye potensialı, innovasiya imkanları və gənc əhalisi baxımından ortaq xüsusiyyətlərə malikdir. Bu baxımdan protokolun imzalanması ticarət, sənaye, təhsil, ekologiya, mədəniyyət və sosial layihələr üzrə çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar açacaq. Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Bu münasibətlər xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək”.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button