AnalitikaGündəmSiyasət

Azərbaycan və Qazaxıstan: Strateji Tərəfdaşlıqdan Qardaşlıq Münasibətlərinə

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə, xüsusilə də türkdilli ölkələrlə əlaqələrə strateji və siyasi önəm verir. Bu münasibətlərin möhkəmləndirilməsi təkcə Türk dünyasının birliyinə deyil, eyni zamanda regional təhlükəsizliyin təmin olunmasına, iqtisadi inteqrasiyanın və enerji sahəsində əməkdaşlığın inkişafına da töhfə verir.

Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci ilin 30 avqust tarixində qurulub. 1993-cü ildə Qazaxıstanın Bakıda, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi açılıb, 2008-ci ildən Aktau şəhərində Baş konsulluq fəaliyyət göstərir.

Hazırda Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə iqtisadiyyat, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində sıx əməkdaşlıq edir. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı daxilində və digər beynəlxalq platformalarda ortaq maraqlara əsaslanan münasibətlər genişlənməkdədir.

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərləri, eləcə də həmin ölkələrin liderlərinin Bakıya rəsmi gəlişləri iki tərəfli münasibətlərin dinamik inkişafına şərait yaradıb. Azərbaycan üçün dərin tarixi kökləri olan türkdilli ölkələrdən biri də Qazaxıstandır.

Dövlət başçılarının qarşılıqlı münasibətləri iki ölkə arasındakı əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Yüksək səviyyəli qarşılıqlı səfərlər nəticəsində əlaqələr daha da güclənmişdir. Son belə səfərlərdən biri 2025-ci il oktyabrın 20-21-də baş verib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Prezident İlham Əliyev Astanada rəsmi səfərdə olub.

Bu səfər çərçivəsində Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibədə siyasi dialoqun səviyyəsindən, enerji və nəqliyyat sektorlarında əməkdaşlıqdan, yaşıl enerji sahəsində ortaq layihələrdən və Türk Dövlətləri Təşkilatında birgə təşəbbüslərdən bəhs edib. O, qeyd edib ki, iki ölkə arasında siyasi münasibətlər qarşılıqlı etimada və qardaşlığa əsaslanır.

Son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddi səfəri baş tutub. Prezident Kasım-Jomart Tokayev isə bu müddətdə Azərbaycana altı dəfə gəlib. Bu intensiv dialoq strateji tərəfdaşlığın güclənməsinə böyük töhfə verir.

İki ölkə arasında mədəni-humanitar sahədə də əməkdaşlıq diqqətəlayiqdir. Qazaxıstan hökuməti işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasını həyata keçirib. Bu təşəbbüs Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilib və ölkələr arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul olunur. Hazırda həmin mərkəzdə 100-ə yaxın uşaq müxtəlif sahələrdə təhsil alır.

İki ölkə arasında bu günə qədər 170-dən artıq rəsmi sənəd imzalanıb. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə effektiv əməkdaşlıq mexanizmləri formalaşıb. 2025-ci ildə Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin 20 illiyi qeyd olunur. Bu illər ərzində bütün istiqamətlər üzrə əlaqələr əhəmiyyətli şəkildə genişlənib.

Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda da yaxından əməkdaşlıq edir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində ölkələrimiz ortaq mövqeləri bölüşür və bir-birini dəstəkləyir.

İqtisadi münasibətlər də yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 470 milyon dollar olub. 2025-ci ilin yanvar-avqust aylarında bu rəqəm 547 milyon dollara çatıb ki, bu da ötən illə müqayisədə üçqat artım deməkdir. Bu artım nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi və Orta Dəhlizdən səmərəli istifadə ilə bağlıdır.

Azərbaycanın Qazaxıstan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycandakı sərmayəsi isə 136 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda Qazaxıstan kapitallı 250-yə yaxın şirkət fəaliyyət göstərir.

Bütün bu faktlar sübut edir ki, Azərbaycan-Qazaxıstan əlaqələri təkcə siyasi və iqtisadi deyil, eyni zamanda təhsil, mədəniyyət və humanitar sahələrdə də geniş və davamlı inkişaf yolu ilə irəliləyir. Bu əməkdaşlıq gənc nəslin yetişdirilməsinə, elmi və mədəni mübadilənin genişlənməsinə və xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir.

Nəticə etibarilə, Azərbaycan və Qazaxıstan arasında mövcud əlaqələr hər iki dövlətin və xalqın maraqlarına xidmət edir və gələcəkdə də daha da dərinləşərək regionun sabitliyi və rifahı üçün əhəmiyyətli rol oynayacaqdır.

İsgəndərova Eliza
YAP-ın gənc fəali

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button