AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Qırğızıstan münasibətlərində yeni era: strateji tərəfdaşlıqdan müttəfiqliyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana son dövlət səfəri iki ölkə arasında tarixi bir dönüş nöqtəsi kimi yadda qaldı. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun dəvəti ilə baş tutan bu səfər nəticəsində uzun illərdir davam edən strateji tərəfdaşlıq və dostluq münasibətləri rəsmən ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəlib.

Səfərin ilk dəqiqələrindən etibarən ölkələr arasındakı səmimi münasibətlər özünü göstərdi. İssık-Kul Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova tərəfindən şəxsən qarşılanması və fəxri qarovul dəstəsinin düzülməsi yüksək qonaqpərvərliyin təcəssümü idi.

Çolpon-Ata şəhərində keçirilən təkbətək görüşlər və ardınca baş tutan Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası gələcək əməkdaşlığın konturlarını cızdı. İclasda siyasi dialoqun dinamik inkişafı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının birləşdirilməsi, eləcə də Cənubi Qafqazla Mərkəzi Asiya arasında inteqrasiyanın gücləndirilməsi diqqət mərkəzində oldu.

Səfər çərçivəsində ikitərəfli münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldıran mühüm sənədlər imzalandı. Bunların arasında ən əsası şübhəsiz ki, “Müttəfiqlik Münasibətləri haqqında Müqavilə” oldu.

Bununla yanaşı, iqtisadi və infrastruktur əlaqələrini gücləndirən bir sıra digər qərarlar və sazişlər də qəbul edildi. Azərbaycan-Qırğız İnkişaf Fondunun kapitallaşmasının və vəsaitlərinin artırılması barədə qərar qəbul olundu. Beynəlxalq avtomobil əlaqələri, yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahələrini əhatə edən saziş və memorandumlar imzalandı. Neft məhsullarının tədarükü və energetika sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi təsdiqləndi.

Liderlər arasında qarşılıqlı hörmət və qardaşlığın rəmzi olaraq ali dövlət təltiflərinin mübadiləsi keçirildi. Prezident İlham Əliyevə dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Qırğızıstanın ali təltifi — 1-ci dərəcəli “Manas” ordeni təqdim olundu. Prezident Sadır Japarov isə öz növbəsində Azərbaycanın ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görüldü.

Səfər yalnız rəsmi görüşlərlə yekunlaşmadı. İssık-Kul gölünün sahilində inşa edilən beşulduzlu “Baku Resort & Spa” mehmanxana kompleksinin açılışı iki ölkənin turizm və investisiya sahəsindəki uğurlu layihələrindən biri kimi qeydə alındı. Həmçinin, Çolpon-Atada keçirilən Mərkəzi Asiya – Azərbaycan qeyri-rəsmi Zirvə Görüşü ölkəmizin region dövlətləri ilə çoxtərəfli əməkdaşlığının miqyasını nümayiş etdirdi.

Bu dövlət səfəri həm ikitərəfli, həm də regional kontekstdə böyük əhəmiyyət daşıyır. Artıq rəsmi olaraq müttəfiqlik statusu qazanan Azərbaycan-Qırğızıstan münasibətləri, genişlənən investisiya layihələri və Orta Dəhliz çərçivəsində inkişaf edən logistik əlaqələr hər iki ölkənin strateji maraqlarına xidmət edir. Ən əsası isə, bu tərəfdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya proseslərinin daha da sürətləndiyini və Türk Dünyasının birliyinin gücləndiyini sübut edir.

Valeh Əmrahov,
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayoni üzrə gəncələr və idman sektorunun əməkdaşı

Oxşar Xəbərlər

Back to top button