AnalitikaGündəmSiyasət

Azərbaycan və Tacikistan arasında ortaq tarix, ortaq dəyərlər, sarsılmaz dostluq mövcuddur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə kimi tarixə düşdü.

Səfər oktyabrın əvvəlində, Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutdu. Prezident İlham Əliyev bu səfər zamanı həm çoxtərəfli formatda mühüm görüşlərdə iştirak etdi, həm də Tacikistan Prezidenti Emomali Rəhmon ilə təkbətək və geniş tərkibli danışıqlar apardı.

Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlər 1992-ci ildən etibarən mövcuddur. Lakin son illərdə bu əlaqələr daha intensiv şəkildə inkişaf edir. Prezident İlham Əliyev görüş zamanı vurğuladı ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmət və etimada, tarixi və mədəni yaxınlığa əsaslanır. Prezident Emomali Rəhmon da öz növbəsində bildirdi ki, Tacikistan Azərbaycanla əlaqələrin dərinləşməsini mühüm strateji istiqamət hesab edir və əməkdaşlığın bütün sahələrdə genişlənməsi üçün real imkanlar mövcuddur.

Səfər çərçivəsində iqtisadi, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından biri oldu. Tərəflər regionda enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və qarşılıqlı sərmayələrin təşviqi ilə bağlı fikir mübadiləsi apardılar.

Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsinin artırılması üçün birgə komissiyanın fəaliyyətinin gücləndirilməsi razılaşdırıldı. Həmçinin “Orta Dəhliz” və “Şimal–Cənub” nəqliyyat marşrutları çərçivəsində əməkdaşlığın önəmi vurğulandı.

Prezidentlərin görüşündə mədəniyyət, təhsil və turizm sahəsində əməkdaşlığın da genişləndirilməsi müzakirə olundu. Tərəflər birgə mədəni tədbirlərin təşkili, gənclər və tələbə mübadilələrinin artırılması barədə razılığa gəldilər.

İlham Əliyev çıxışında qeyd etdi ki, xalqlarımızın ortaq tarixi və mənəvi kökləri iki ölkəni bir-birinə daha da yaxınlaşdırır: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl şəkildə inkişaf edir və bu, xalqlarımızın dostluğunun təzahürüdür.”

Səfər, eyni zamanda, regionda sabitlik və əməkdaşlığın təşviqi baxımından mühüm siyasi siqnal kimi qiymətləndirilir. Azərbaycan Prezidenti MDB çərçivəsində çıxışında qeyd etdi ki, Azərbaycan regional əməkdaşlığa, iqtisadi inteqrasiyaya və sülhün möhkəmlənməsinə daim töhfə verməyə hazırdır. Prezident İlham Əliyevin Tacikistana səfəri qarşılıqlı etimada, dostluğa və strateji maraqlara əsaslanan əlaqələrin möhkəmlənməsinə xidmət etdi.

Səfərin nəticələri göstərir ki, Azərbaycan və Tacikistan təkcə iqtisadi tərəfdaş deyil, həm də regional sabitliyin və qarşılıqlı hörmətin dayaqlarıdır. Bu səfər, şübhəsiz ki, Azərbaycan diplomatiyasının uğurlu və məqsədyönlü siyasətinin daha bir bariz nümunəsidir və iki ölkə münasibətlərinin gələcək illərdə daha da dərinləşməsinə yol açacaq.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button