Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal layihələr dünyanın diqqət mərkəzindədir

“Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu münasibət təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, hərtərəfli sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir. Bu gün Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib. İkitərəfli əməkdaşlığın bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, hərbi, mədəni, humanitar, idman sahələrin mövcud olan yüksəksəviyyəli əməkdaşlıq qardaş ölkələrimizin, həmçinin dost dövlətlərimizin maraqlarına da xidmət edir. Artıq Azərbaycan-Türkiyə əlaqələri müxtəlif üçtərəfli əməkdaşlıq formatları ilə daha da möhkəmləndirilir.
“Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir. Bu gün fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, əminliklə deyə bilərik ki, xalqlarımızın böyük qürur duyduqları Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillər tərəfindən də davam etdiriləcək.