
2025-ci ilin may ayında Vyetnam Sosialist Respublikasının Prezidenti cənab To Lam Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Bu səfər Azərbaycan–Vyetnam münasibətlərinin dinamik inkişafında mühüm mərhələ olmaqla, iki ölkə arasında siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin və humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.
Görüş zamanı Azərbaycan-Vyetnam əlaqələrinin tarixi inkişafı, mövcud əməkdaşlıq səviyyəsi və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə əsaslanan qarşılıqlı hörmət və etimada söykənir. İki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulmasından bəri siyasi, iqtisadi və mədəni sahələrdə bir sıra uğurlu əməkdaşlıq layihələri həyata keçirilib. Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafı üçün yüksək səviyyəli siyasi iradə mövcuddur.
To Lamın səfəri çərçivəsində əldə edilən razılaşmalar və ifadə olunan niyyətlər bir daha göstərdi ki, Bakı və Hanoy yalnız keçmişə əsaslanmır, eyni zamanda gələcəyə yönəlmiş ciddi planlar qurur. Ticarət dövriyyəsinin artırılması, enerji sahəsində birgə təşəbbüslər, təhsil və mədəniyyət mübadiləsi kimi sahələrdə əməkdaşlıq perspektivləri hər iki tərəf üçün önəm daşıyır. Bu hadisə Azərbaycanın Asiya istiqamətində artan diplomatik fəallığının daha bir bariz nümunəsidir. Qlobal miqyasda dəyişən güc balansı fonunda, Azərbaycan kimi öz sözünü deyə bilən bir ölkənin Asiya ilə strateji münasibətlər qurması, ölkəmizin çoxşaxəli xarici siyasətinin uğurla davam etdiyini göstərir.
İki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi-ticarət əlaqələri də inkişaf edir. Neft-qaz sənayesi, təhsil, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanları müzakirə olunmaqda və genişləndirilməkdədir. Azərbaycan ilə Vyetnam arasında imzalanmış bir sıra sənədlər əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi