AnalitikaGündəmSiyasət

Azərbaycan və Vyetnamı birləşdirən dostluq münasibətləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Vyetnamı birləşdirən dostluq münasibətləri uzun illərə söykənir və bu münasibətlər SSRİ dövründən başlayaraq daim qarşılıqlı anlayış və dəstək ruhunda inkişaf edib. Dövlət başçısı öz bəyanatında cənab To Lamın Azərbaycana ilk rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əlamətdar hadisə olduğunu vurğulamış, ölkələrimiz arasında siyasi dialoqun möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün etibarlı zəmin yaradıb.

Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində müxtəlif sahələr üzrə 10-dan artıq memorandum imzalanmışdır ki, bu da gələcəkdə hər iki ölkənin əksər sahələrdə əməkdaşlıq etməsi üçün hüquqi baza yaradacaqdır.Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi To Lam isə verdiyi bəyanatda dost Azərbaycanda qonaqpərvərliklə qarşılandığı, eyni zamanda gələcək əlaqələrə təkan verəcək mühüm sənədlərin imzalanmasından məmnun qaldığını bildirmişdir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir, yeni əməkdaşlıq imkanları yaradır və ölkəmizi dünya miqyasında etibarlı tərəfdaş kimi tanıdır. Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri də bu siyasətin uğurlu nəticələrindən biridir və inamla demək olar ki, əldə olunan razılaşmalar yaxın gələcəkdə real layihələrə çevriləcək.

Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini  

Oxşar Xəbərlər

Back to top button