
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət və etimad prinsipləri əsasında inkişaf edib. Bu əlaqələr müxtəlif tarixi mərhələlərdə sınaqlardan keçərək öz davamlılığını qoruyub. Bu gün iki ölkənin münasibətləri yalnız keçmişin xatirələrinə deyil, həm də gələcəyə hesablanmış siyasi və iqtisadi maraqlara əsaslanır.
Azərbaycanın Vyetnamla dostluğunun formalaşmasında ölkəmizin neft sənayesi mühüm rol oynayıb. Bakı neftçilərinin zəngin təcrübəsi Vyetnamın enerji sektorunun inkişafı üçün əhəmiyyətli mənbəyə çevrilib. Mütəxəssislər arasında yaranan peşəkar əlaqələr sonradan daha geniş dövlətlərarası əməkdaşlığın inkişafına şərait yaradıb.
Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri bu münasibətlərin tarixində xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın neft sənayesi ilə maraqlanan Vyetnam rəhbəri ölkəmizin sənaye potensialını yüksək qiymətləndirib. Həmin səfər iki xalq arasında dostluğun möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün zəmin yaranmasına xidmət edib.
Sonrakı illərdə Azərbaycan və Vyetnam arasında enerji, siyasi dialoq və mədəni əlaqələr genişlənib. Azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesində iştirakı, “Ağ pələng” yatağı ətrafında əməkdaşlıq və birgə müəssisələrin fəaliyyəti bu dostluğun real nəticələrini göstərib.
Müasir dövrdə Azərbaycan–Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. İki ölkə arasında enerji, nəqliyyat, ticarət, investisiya və humanitar sahələrdə yeni imkanlar mövcuddur. Tarixi dostluq bu gün qarşılıqlı faydaya əsaslanan müasir əməkdaşlıq modelinə çevrilir.
Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini


