
Azərbaycan xalqının milli kimliyinin formalaşmasında və qorunmasında mühüm rol oynayan ən vacib amillərdən biri ana dilimizdir. Tarix boyu baş verən müxtəlif ictimai-siyasi dəyişikliklər, imperiyalar arasında gedən çəkişmələr, mədəniyyətlərarası toqquşmalar nəticəsində bir çox xalqlar öz ana dillərini ya itirib, ya da ikinci planda yaşatmağa məcbur qalıb. Lakin Azərbaycan xalqı öz dilinə, mədəniyyətinə və milli mənsubiyyətinə hər zaman sadiq olub. Bu mənəvi dəyərlərin qorunub saxlanmasında və inkişaf etdirilməsində isə xüsusilə XX əsrin ikinci yarısından etibarən Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Sovet dövründə, xüsusilə 1970-ci illərdə SSRİ rəhbərliyinin rus dilini imperiya dili kimi bütün respublikalarda hökmran dilə çevirmək siyasəti güclənmişdi. Belə bir şəraitdə milli dillərin sıxışdırılması, onların dövlət və ictimai idarəetmədən uzaqlaşdırılması tendensiyası hökm sürürdü. Bu proses təkcə dil məsələsi deyildi, həm də milli kimliyə, tarixə və mədəniyyətə qarşı yönəlmiş bir təhdid idi. Məhz belə bir dövrdə Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyev çox cəsarətli və uzaqgörən bir addım ataraq Azərbaycan dilinin statusunu yüksəltmək üçün təşəbbüslə çıxış etdi. Onun prinsipial mövqeyi və siyasi iradəsi nəticəsində 27 aprel 1978-ci il tarixində qəbul olunan Azərbaycan SSR-in yeni Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, sadəcə bir hüquqi dəyişiklik deyildi – bu, milli özünüdərkin, milli qürurun və dilə olan dərin sevginin qanuniləşmiş ifadəsi idi. Yeni Konstitusiyanın qəbul olunması ərəfəsində bu məsələ ətrafında ciddi müzakirələr və təzyiqlər olmuşdu. Sovet rəhbərliyi digər respublikalarda ana dilinə belə bir statusun verilməsinə tərəfdar deyildi və bu cür təşəbbüslərə qarşı çıxırdı. Lakin Heydər Əliyev öz siyasi qətiyyəti və xalqına olan sonsuz sevgisi ilə bu qərarı qəbul etdirdi. Konstitusiyanın müvafiq maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması, dilimizə verilən yüksək dəyərin və onun gələcək inkişafına göstərilən diqqətin bariz nümunəsi idi. Bu addımın nəticəsində Azərbaycan dili yalnız məişət və mədəniyyət dili kimi deyil, həm də idarəetmə, təhsil, elm və digər sahələrdə daha geniş və rəsmi şəkildə tətbiq olunmağa başlandı. Bu, həm də milli şüurun inkişafında mühüm mərhələ oldu. Azərbaycan xalqı ana dilinə sahib çıxmağın, onu qorumağın və inkişaf etdirməyin məsuliyyətini dərk etdi. Xüsusilə gənc nəsil arasında dilə olan maraq və hörmət artdı, ədəbiyyatımız, mətbuatımız, incəsənətimiz yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyev dəfələrlə çıxışlarında qeyd edirdi ki, “Hər bir xalqın milli mənsubiyyətini müəyyən edən ən başlıca amil onun dilidir”. Onun üçün dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın ruhunu, tarixini, düşüncə tərzini yaşadan, gələcək nəsillərə ötürən müqəddəs bir miras idi. Bu düşüncə ilə o, təkcə dilin hüquqi statusunu möhkəmləndirmədi, eyni zamanda onun inkişafı üçün də konkret addımlar atdı – dilin tədrisi, ədəbi normalarının qorunması, dilçilik elminin inkişafı və mədəniyyət sahəsindəki təşəbbüslər bunun bariz nümunəsidir.
Bu gün müstəqil Azərbaycanın Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Bu, bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin hələ Sovet dövründə atdığı bu addım yalnız həmin dövr üçün deyil, həm də gələcək müstəqilliyimizin bünövrəsi kimi tarixə yazılmışdır. 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması, Heydər Əliyevin xalqımız qarşısında olan misilsiz xidmətlərindən biridir. Bu, onun milli dəyərlərə, ana dilinə və xalqımıza olan sevgi və hörmətinin ən parlaq nümunələrindən biridir. Biz bu gün ana dilimizdə sərbəst danışır, yazır və təhsil alırıqsa, bu, məhz Heydər Əliyev kimi böyük şəxsiyyətlərin uzaqgörən siyasəti və qətiyyətli addımları sayəsində mümkün olmuşdur.
İlham Quliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi