AnalitikaGündəmSiyasət

Azərbaycan xalqı Milli Qurtuluş Gününü yalnız keçmişin xatirəsi kimi deyil, gələcəyə olan inamın, milli birliyin və güclü dövlətçiliyin təntənəsi kimi qeyd edir

15 İyun – Azərbaycan xalqı üçün tarixə qızıl hərflərlə yazılmış dönüş nöqtəsidir. Bu gün Milli Qurtuluş Günü kimi qeyd olunur və müasir dövlətçiliyimizin bərpasında, sabitliyin və inkişafın təməlində duran mühüm bir tarixdir. 1990-cı illərin əvvəllərində ölkəmiz ağır siyasi, iqtisadi və sosial böhran içində idi. Ermənistanın təcavüzü nəticəsində Qarabağ müharibəsi geniş vüsət almış, ölkə daxilində hakimiyyət böhranı, vətəndaş qarşıdurması və anarxiya hökm sürürdü. Belə bir şəraitdə xalqın ümid yeri, gələcəyinə olan inamı tükənmək üzrə idi.

Məhz belə bir çətin zamanda xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkədə sabitlik və güvən mühiti bərpa olunmağa başladı. Heydər Əliyevin zəngin siyasi təcrübəsi və uzaqgörənliyi nəticəsində qısa zamanda Azərbaycan daxili qarşıdurmalardan qurtuldu, parçalanma təhlükəsindən xilas oldu və dövlətçiliyimiz möhkəmləndi. Milli mənafelərə əsaslanan siyasət aparılmağa başlandı, hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlar həyata keçirildi, beynəlxalq münasibətlərdə balanslı və praqmatik mövqe tutularaq ölkənin dünya arenasında yeri möhkəmləndi.

15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması sadəcə bir siyasi hadisənin deyil, bütöv bir xalqın iradəsinin, yenidən doğuluşunun simvoludur. Bu gün həm də Azərbaycanın sabitlik, inkişaf və müstəqillik yolunda hansı çətinliklərdən keçdiyini, bu yolda hansı fədakarlıqların göstərildiyini xatırladır. Gənc nəsil üçün bu tarix dərsdir – tarixdən nəticə çıxarmaq, milli dəyərlərə sahib çıxmaq, müstəqilliyin qədrini bilmək və onu qorumaq borcudur.

Hər il 15 iyun tarixində ölkəmizin müxtəlif bölgələrində keçirilən tədbirlər, konfranslar, anım mərasimləri bir daha göstərir ki, Azərbaycan xalqı Milli Qurtuluş Gününü yalnız keçmişin xatirəsi kimi deyil, gələcəyə olan inamın, milli birliyin və güclü dövlətçiliyin təntənəsi kimi qeyd edir. Bu günün mahiyyəti ondadır ki, tarixdən güc alaraq sabaha daha inamla baxa bilək. Çünki milli birlik, güclü liderlik və xalqın dəstəyi olduğu müddətcə Azərbaycanı daha böyük uğurlar gözləyir.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button