Analitika

Azərbaycan xalqının iradəsini heç bir qüvvə qıra bilməz

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.Həmin günlərdə fövqəladə vəziyyət elan olunanadək törədilmiş cinayətlərdən danışarkən qeyd etmək lazımdır ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 hərbi qulluqçu amansızcasına qətlə yetirildi, 20 nəfəri ölümcül yaraladılar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki, yanvarın 20-də saat 00.00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə, onun sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb şəhidlərini kücə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq oz şəhidlərini “Azadlıq” meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsaduf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü.Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzərneftdonanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. 20 Yanvar qırğınlarından sonra xalq vahimə içində idi. Bakıdakı qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev mərkəzin Bakıda keçirdiyi vəhşiliyə qarşı kəskin bəyanat verdi, bu cəlladlığı pislədi. M.Qorbaçovun əli ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, sözün həqiqi mənasında, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi. Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər. Heydər Əliyevin M.Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də ehtiramla qarşılanmış, ulu öndərin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.Ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş tədbirdə bildirmişdi ki,Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. Xalq hiddətlənmişdir. Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə birgə apardıqları anti-Azərbaycan siyasətinin tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası kecirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin mudafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq ücün 20 Yanvar faciəsini təşkil etmiş sovet ittifaqı Kommunist Partiyası, sovet dövləti və hökumət rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbacovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur.  Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın, silahsız çıxmış, Azərbaycanın hürriyəti uğrunda canlarından keçmiş oğul və qızlarını uca xatirəsini hər il ehtiram və minnətdarlıq hissi ilə yad edir. Yanvarın 20-də səhər saatlarından etibarən başda prezident və ailə üzvləri olmaqla bir çox dövlət rəsmisi və Azərbaycan xalqı səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanına axışır, saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Eyni zamanda gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button